...

Azərbaycan parlamenti xarici ölkə bayraqlarından istifadə ilə bağlı qanun layihəsini qəbul edib

Siyasət Materials 22 Fevral 2008 16:12 (UTC +04:00)
Azərbaycan parlamenti xarici ölkə bayraqlarından istifadə ilə bağlı qanun layihəsini qəbul edib

Azərbaycan, Bakı, 21 fevral/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti xarici ölkə bayraqlarından istifadə qaydalarını müəyyənləşdirən qanun layihəsini qəbul edib. Qanun qüvvəyə minəndən sonra müxtəlif təşkilatların, şirkətlərin, mağaza və restoranların binalarının üzərində asılan xarici ölkələrin bayraqları yığışdırılacaq. "Bu Qanunun qəbul olunması çox vacib və əhəmiyyətlidir. Çünki Azərbaycana gələn xarici təşkilatların say günü-gündən artır. Ona görə də Azərbaycanda xarici ölkələrin bayraqlarının asılması məsələsi Qanunla tənzimlənməlidir", -deyə Milli Məclisin cümə günü keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bildirib.

Parlamentin iclasında "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" qanun layihəsi müzakirə olunub.

Qanun layihəsi qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən parlamentə göndərilib.

Layihədə qeyd olunub ki, Azərbaycan vətəndaşları, habelə ölkə ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarına hörmətlə yanaşmalıdırlar. Xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqları beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq, Azərbaycandakı diplomatik nümayəndəliklərin və konsulluq binalarının üzərində, xarici dövlətlərin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri zamanı, protokol qaydalarına uyğun müəyyən edilmiş yerlərdə, Azərbaycanın daxili sularında üzən və ya limanlarında dayanan gəmilərdə, eləcə də, Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlərdə qaldırıla bilər. Qanun layihəsinə əsasən, xarici ölkələrin bayraqları beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq, xarici dövlətlərin diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin iş otaqlarında, Azərbaycana gələn xarici ölkələrin dövlət başçılarının, nümayəndə heyəti rəhbərlərinin, xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəlik və konsulluq rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilə bilər.

Qanun layihəsində göstərilən yerlərdən başqa yerlərdə xarici ölkə bayraqlarının asılması qadağandır.

"Bəzi təşkilatlar xaricilərlə işlədikləri görüntüsü yaratmaq üçün, yerləşdikləri binaların üzərinə müxtəlif ölkələrin bayraqlarını asırlar. Bu zaman, Azərbaycan bayrağını ya asmırlar, ya da keyfiyyətsiz asırlar", -deyə Seyidov əlavə edib.

Qanun qəbul olunduqdan sonra Azərbaycanda vətəndaşların hətta, şəxsi mənzillərin eyvanından xarici ölkələrin bayraqlarını asmaq qadağan olunacaq.

Müzakirələrdən sonra parlament qanun layihəsini birinci oxunuşda qəbul edib.

Xəbər lenti

Xəbər lenti