...

Azərbaycanın hakim partiyası Heydər Əliyevin yubileyi ilə bağlı keçirəcəyi tədbirlər planını təsdiqləyib

Siyasət Materials 31 Mart 2008 13:16 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Heydər Əliyevin yubileyi ilə bağlı keçirəcəyi tədbirlər planını təsdiqləyib

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir Q. Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) keçmiş prezident Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar hazırladığı tədbirlər planını açıqlayıb. YAP-ın mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, yubiley münasibətilə hakim partiya Heydər Əliyev Fondu ilə birlikdə "Demokratiya və sabitlik naminə: əməkdaşlığın yeni imkanları" mövzusunda beynəlxalq konfrans keçirlməyi nəzərdə tutur. Konfransla bağlı proqram - konsepsiya hazırlanıb. YAP və Heydər Əliyev Fondu tərəfindən, həmçinin ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş "Heydər Əliyev" multimedia CD-si hazırlanır və yubiley ərəfəsində işıq üzü görəcək.

Partiyanın yubiley tədbirləri sırasında Təhsil Nazirliyi ilə YAP-ın təşkil etdiyi "Heydər Əliyev Olimpiadası" da var. Aprel ayının sonunda olimpiadaya yekun vurulması və qaliblərin mükafatlandırılması mərasiminin keçirilməsi planlaşdırılır.

Yubiley münasibətilə ümummilli liderin irsinin öyrənilməsi və təbliğinə yönəlmiş "Heydər Əliyev və Azərbaycan" mövzusunda elmi konfrans təşkil ediləcək və həmin konfransın materialları eyni adla kitab şəklində çap olunacaq.

YAP Mətbuat Şurası ilə birgə keçirəcəyi "Heydər Əliyev və Azərbaycan mətbuatı" adlı konfrans isə Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafı sahəsində müstəsna xidmətlərinə həsr olunacaq.

Heydər Əliyevin yubileyinin qeyd edilməsində YAP-ın gəncləri də yaxından iştirak edəcək. Yubiley tədbirlərinə qoşulan partiyanın gəncləri arasında futbol turnirinə aprelə start veriləcək və mayın 8-də Bakıda final yarışında turnirin qalibi müəyyənləşəcək.

YAP 1992-ci ildə Naxçıvanda Heydər Əliyev tərəfindən təsis olunub. Partiyanın hazırki sədri dövlət başçısı İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti