...

Azərbaycan prezidenti Bakının Yasamal rayonunda görkəmli oftalmoloq Zərifə Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak edib

Siyasət Materials 28 Aprel 2008 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/ Trend / Azərbaycan prezidenti İlham Əliyev aprelin 28-də Bakının Yasamal rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbin açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın büstünün açılışını edib.

Məktəbin açılışından sonra prezident Əliyev məktəbin foyesində ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətlərini əks etdirən fotostendə baxıb.

Təhsil naziri Misir Mərdanov prezidentə məktəbdə tədris üçün yaradılmış şərait barədə məlumat verib. Bildirilib ki, məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq tikilib istifadəyə verilib. 840 şagird yerlik məktəb müasir tədris avadanlığı, kompyuterlərlə təchiz olunub. Kompyuterlər internet şəbəkəsinə qoşulub.

Prezident Əliyev müasir tipli tədris laboratoriyalarına, kompyuter mərkəzinə baxıb, ingilis dili kabineti və ən müasir ədəbiyyatla təmin edilmiş kitabxana ilə tanış olub.

İnformatika, xarici dil və riyaziyyat fənləri üzrə ixtisaslaşdırılmış məktəb IX-XI sinif şagirdlərinin təhsil almaları üçün nəzərdə tutulub.

Prezident məktəbin idman zalı ilə də tanış olub. Burada şagirdlərin fiziki hazırlığı üçün bütün şərait yaradılıb.

Dövlət başçısı akademik Zərifə xanım Əliyevanın xatirə otağına da baxıb. Burada görkəmli alimin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanıb.

Prezident İlham Əliyev məktəbin açıq idman meydançası ilə də tanış olub.

Xəbər lenti

Xəbər lenti