...

Trend News-un Böyük Vətən Müharibəsi iştirakçılarından biri ilə söhbəti (video)

Siyasət Materials 9 May 2008 11:11 (UTC +04:00)
Trend News-un Böyük Vətən Müharibəsi iştirakçılarından biri ilə söhbəti (video)

Azərbaycan, Bakı, 09 may / Trend , müxbir C.Babayeva/ Bu gün Azərbaycanda, bütün postsovet məkanında olduğu kimi, faşizm üzərində Sovet İttifaqının qələbəsinin 63-cü ildönümü qeyd olunur. 1941-1945-ci illər Böyük Vətən Müharibəsində 600 mindən artıq azərbaycanlı iştirak edib. Onlardan 300 min nəfəri döyüşlərdə həlak olub, 120 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Qələbə günündə Trend agentliyi Böyük Vətən Müharibəsinin azsaylı veteranlarından biri, müharibənin ilk günlərindən Azərbaycanın Şəki rayonundan ön cəbhəyə könüllü yollanmış, 27 medal sahibi veteran Məmmədova Səkinə Məmmədrza qızı ilə söhbət edib.

-Müharibəyə niyə yollandınız?

-Müharibə başlamamışdan əvvəl Şəkidə apteklərin birində əczaçı işləyirdim. Tibb texnikumunu bitirmişdim. Üç illik iş stajım olmadığına görə, məni Tibb İnstitutuna qəbul etməmişdilər. Müharibənin başlaması xəbərini eşidən kimi ailəmin xəbəri olmadan hərbi komissarlığa gedib öz xahişimlə cəbhəyə yollandım. 20 yaşım tamam olmamışdı. Müharibənin nə olduğunu bilməsəm də, qorxmadan bu qərara gəlmişdim. Valideynlərim cəbhəyə getməyimə razı olmamışdılar. Anam mənə cəbhədən tez qayıtmağı tapşırmışdı.

- Ön cəbhədəki ilk günlərinizi necə xatırlayırsınız?

- Cəbhədə olduğum ilk günlərim çox ağır keçmişdi. Əsgərlərə yeməyə donuz əti, salo verirdilər. Bunları yeyə bilmirdim, ac qalırdım. Aclıqdan ağlayır, evə qayıtmaq istəyirdim. Aldığım məvacibə bulka alıb yeyirdim ki, acından ölməyim. Məvacibimin böyük hissəsini ailəmə göndərirdim.

1941-ci ilin iyunundan 1942-ci ilin sentyabrına qədər Novorossiyskdə hərbi hospitalların birində əczaçı kimi çalışdım. Müharibənin ağır günləri idi. Bir gün hospitalın həyətinə bomba düşmüşdü və hava həyəcanı siqnalından sonra bizi və xəstələri hospitaldan evakuasiya etdilər. Novorossiysk düşmən tərəfindən alınandan sonra, oradan Suxumiyə gəldik. Məndən başqa iki azərbaycanlı tibb bacısı da vardı. Yadımdadır, onların yaralılarla birgə getdiyi gəmi faşistlər tərəfindən batırıldı, hər ikisi həlak oldu. Sonra mən faşistlərdən azad olunan ərazilərə göndərilən 25 nəfərlik həkim briqadası ilə Suxumidən Tuapseyə gəldim. Hospitalda əczaçı kimi çalışsam da, çadırlarda yaralılara ilk tibbi yardım da göstərirdim. Ağır vəziyyətdə gətirilən yaralıları həyata qaytaranda çox sevinirdim. Yaralıları çox ağır halda gətirirdilər. Əsasən başlarından güllə yaraları alanlar çox olurdu. Hospitalda xərək çatışmırdı, yaralıları kürəyimizdə daşıyırdıq. Yüngül yaralıları özümüz əməliyyat edirdik, ağır yaralıları gəmi, təyyarə ilə Poti, Soçi hospitallarına aparırdılar. Dünyasını dəyişmiş yaralıları hospitalın həyətində dərin çalada basdırırdılar.

- Vətəndən və ailənizdən uzaqda daha çox nə üçün darıxırdınız?

-Doğma dilim üçün çox darıxırdım. Yaralılar arasında azərbaycanlılara rast gəlmirdim. Hospitala bir azərbaycanlı yaralının gətirilməsini arzu edirdim ki, onunla doğma dilimizdə doyunca danışa bilim.

- Cəbhədə olduğunuz illərdə ən yadda qalan gününüz olubmu?

-1945-ci ilin yanvarında Simferopolda yaralanmışdım. Huşumu itirmişdim, bir neçə həftədən sonra ayılmışdım. Həkim ağır halda bura gətirildiyimi bildirmişdi. Dayım kiçik bacımla mənə baş çəkməyə gəlmişdi. Həkim mənə Simferopolda Azərbaycanın kino günlərinin keçirildiyini xəbər verdi. Sağalsam, məni "Arşın mal alan" filminə baxmağa aparacağına söz verdi. Sağaldım, bu fürsəti buraxa bilməzdim. Filmə baxmaqdan doymurdum. Üç seansın üçündə də oldum. Xatirimdə xoş iz buraxan yalnız həmin günlər olub.

- Qələbə xəbərini necə qarşıladınız?

-Qələbə xəbərini Simferopolda eşitdim. Hospitalın həyətinə çıxıb sevincimdən tapançamdan göyə atəş açdım.

- Azərbaycanın işğal altında olan torpaqlarının müharibə yolu ilə azad edilməsinə siz necə baxırsınız?

- Müharibənin ağır günlərinin şahidi kimi, Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasını arzulayıram. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunacağına inanıram. 1945-ci il mayın 9-da qələbə sevincini yaşadığım kimi, Azərbaycanın da qələbə sevincini yaşayacağıma ümid edirəm.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti