Gürcüstan, Tbilisi, 16 may/ Trend , müxbir E.Rüstəmov/ Trend -un Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze ilə müsahibəsi
- Rəsmi Tbilisi Abxaziya probleminin həllində güc tətbiq edilməsi üsulundan istifadə edə bilərmi?
- Gürcüstan məsələnin dinc həllinin lehinədir. Gec ya tez, Abxaziya Gürcüstanın tərkibinə qayıtmalıdır. Biz yalnız qardaş xalqlar deyilik. Biz həmişə bir yerdə yaşamış və birgə ailələrə malik olmuşuq və bu, Gürcüstan torpağıdır. Bu problemin həlli kimi, ABŞ-dakı kimi Senat və Konqres yaratmağı təklif edirdim. Senatın başında, veto hüququna malik olması üçün, abxazı qoymaq lazımdır - hansısa qəbul edilmiş sənəd abxazların maraqlarına zidd olsa, o, veto qoya biləcək. Bugünkü prezident abxazlara ölkənin vitse-prezidenti vəzifəsini təklif edir. Mən abxaz münaqişəsinin dinc yolla həll edilməsinin lehinəyəm.
Abxaziya özünü müstəqil elan edərsə, inanmıram ki, Rusiya bunu dəstəkləyəcək. Belə ki, Rusiyanın özü çoxmillətli ölkədir və onun tərkibində müstəqil olmaq istəyəcək Tatarıstan, Dağıstan, Çeçenistan kimi respublikalar var. Rusiya Gürcüstandakı separatçıları dəstəkləyərsə, bu, Rusiyanın özü üçün acınacaqlı olacaq.
- Gürcüstanın ABŞ və Rusiya maraqlarının toqquşma meydanı olması fikri ilə razısınızmı?
- Gürcüstanın maraqların meydanı olduğunu düşünmürəm. Analoji sözləri Ukrayna, Belarus və digər ölkələr barəsində də söyləmək olar. Bizim amerikalılarla ən mehriban münasibətlərimiz var və belə münasibətlər Rusiya ilə də olub. Amerika bizə pulla yardım göstərib, Rusiya isə bizim məhsullarımızın satış yeri olub.
- Dmitri Medvedyevin Rusiya prezidenti seçilməsi ilə MDB məkanında, xüsusilə də Qafqazda siyasət nə dərəcədə dəyişəcək?
- Medvedyevin Putinin apardığı siyasətdə nəyisə dəyişəcəyini düşünmürəm. Putinə gəldikdə isə, deyə bilərəm ki, onunla işləmək mümkün olub. Parlamentin iradəsi əksinə olaraq, Gürcüstan MDB-nin üzvü oldu və bundan sonra Tbilisi və və Moskva arasında uzun söhbətlər olub. Putin Soçidə dincələrkən mənə zəng etdi və söylədi: "Bura, mənim yanıma gəlin. Mən burada ailəmsiz, təkəm, birlikdə dincələrik". Mən cavab verdim ki, işlərim var, lakin iki günlük gələ bilərəm. O zaman o söylədi ki: "Soçidən Suxumiyədək qatar gedir. Onu Sontrevədək uzatmaq yaxşı olardı". Mən isə Putindən qaçqın gürcüləri Qalsk rayonuna qaytarmağı xahiş etdim. Mənim xahişimlə o, dəstəyi götürdü və sülhməramlı qoşunların komandanına zəng edərək, qaçqınları yerləşdirməyi əmr etdi ki, bu da yerinə yetirildi. O, söz verdi və sözünün üstündə dayandı. Bununla demək istəyirəm ki, Putin işləmək mümkün olan insandır. Putin və Medvedyev elə insanlardır ki, onlarla danışmaq olar. Bunun üçün daim Moskvaya getmək və Abxaziya ilə Osetiyanı Gürcüstandan ayırmağın mümkün olmadığını söyləmək lazımdır.
- Tbilisi və Kiyevin NATO-ya daxil olmaq niyyətləri Rusiya-Gürcüstan və Rusiya-Ukrayna münasibətlərinə necə təsir göstərəcək?
- Rusiya Gürcüstanın NATO-nun tərkibinə daxil olmasından o qədər də şad deyil. NATO-ya üzvlük təkcə hazırki prezidentin təşəbbüsü deyil. Mən dövlət başçısı olarkən, Qərb diplomatları ilə görüşür və bu məsələni müzakirə edirdim. Lakin, o zaman bu, Rusiyaya indiki qədər toxunmurdu. Bu günsə, deyə bilərəm ki, münasibətlərin çətinləşməsini istəyirsənsə, istənilən səbəbdən istifadə edə bilərsən.
- Qarşıdakı parlament seçkiləri və müxalifətin hakimiyyətə gəlmək imkanları ilə bağlı nə düşünürsünüz?
- Bizim bu ilin əvvəlində prezidenti seçdikləri zaman əldə etdiyimiz acı təcrübəmiz var. O zaman pozuntular baş verirdi və bu, pozuntulara baxmayaraq, prezidenti yalnız 53 faiz səs toplaya bildi. İndi belə pozuntular olmayacaq, çünki xalq vəziyəti bilir və öz səsi uğrunda mübarizə aparır.
- Gələcəklə bağlı planlarınız necədir?
- Mənim 80 yaşım var və deyə bilmərəm ki, cavanam, özümü normal hiss edirəm, yaddaşım yaxşıdır. Müxtəlif fikirlər gəlir və daha bir kitab yazacağımı istisna etmirəm. Azərbaycanda mənim kitabımı İmir Məmmədov tərcümə edib. O, Gürcüstanda anadan olub, gürcü dilini təkmil səviyyədə bilir. "Pələng dərisində pəhləvan" kitabını da gürcü dilindən Azərbaycan dilinə o tərcümə edib.