Azərbaycan,Bakı,16 may / Trend , müxbir İ.Əlizadə/ "Biometrik İnformasiya haqqınada" qanun layihəsi parlamentin cümə günü keçirilmiş iclasında birinci oxunuşda qəbul olunub.
Qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini Rövşən Rzayev məlumat verib.
Rzayev bildirib ki, yeni biometrik pasportlarda vətəndaşların üz təsvirləri, göz,əl-barmaq,ovuc izləri barədə məlumatlar əks olunacaq.
Yeni pasportlarda şəxsin DNT analizi və analizin nəticələri, səs forması, yazı xətti və imzası və digər məlumatrlar da əksini tapacaq.
Layihədə qeyd olunub ki, biometrik indentifikasiya sistemi milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, axtarışda olan şəxslərin kütləvi toplantı və gediş və gəliş yerlərində tanınması, miqrasiya üzrə beynəlxalq biometrik informasiya ehtiyatları ilə məlumat mübadiləsinin təşkili, biometrik məlumatlar əsasında tibbi ekspertizanın və digər vəzifələrin həyata keçirilməsini təmin edir.
Layihədə biometrik məlumatların şəxsiyyəti təsdiq edən sənədlərin rəsmiləşdirilməsi, miqrasiya və sərhəd nəzarəti, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti, fövqəladə hadisələrlə əlaqədar xilasetmə işləri, cinayət təqibi sahələri üzrə toplanması nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat idarəsinin rəisi Arzuman Əliyev Qanunu əhəmiyyətli sayıb və qəbulunun vacibliyini vurğulayıb.
Bir müddət öncə Trend a ekskluziv müsahibəsində Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bildirib ki, 2011-ci ilədək ölkə vətəndaşları özündə biometrik məlumatları əks etdirən yeni nəsil pasportları ilə təmin olunacaqlar.
Nəcəfovun söz, əksər dünya ölkələri transmilli cinayətkarlıqla mübarizənin səmərəli olması üçün bu sistemə keçib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]