...

Ağ evdə Klinton soyadlı ikinci prezident olmayacaq - ekspertlər

Siyasət Materials 23 May 2008 06:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend müxbir E.Tarıverdiyeva/ Hillari Klintonun ABŞ-ın Demokrat Partiyasının prezident seçkilərində vahid namizəd olmaq şansları demək olar ki, qalmayıb. Bu mübarizədə Barak Obama xeyli üstünlüklə qalib gəlir. Çətin ki, Klintonun tərəfdarları onun məğlub olacağı təqdirdə səslərini MakKeynə versinlər. "Hazırda bir çox KİV-lər yazır ki, Klintonun seçiciləri onun rəqibinə səs verməyəcəklər. İstənilən halda demokratların əksəriyyəti seçkilərdə Obamaya səs verəcəklər". Bu fikir amerikalı politoloq Devid Redlavska (David P. Redlawsk) məxsusdur.

Son məlumatlara görə, Obama Demokrat Partiyasının qurultayının 1904 nümayəndəsinin səsini qazanıb. Onlardan 1612-i praymeriz prosesində alınıb. Daha 292 səs - bu, bildiyi kimi səs vermək hüququna malik və artıq öz seçimini etmiş "super nümayəndələr", partiya fəalları və funksionerlərdir. Obamanın rəqibi, senator Hillari Klinton isə 1717 nümayəndənin dəstəyinə ümid edə bilər. Onlardan 1443 - ü seçilmişlərdir, 274 -ü isə "super nümayəndələr"dir.

"Bu mərhələdə az ehtimal olunur ki, Hillari Klinton demokratların namizədi olacaq. Barak Obama isə qələbə üçün lazım olan səslərin əksəriyyətini qazanmağa çox yaxındır", - deyə Trend -a elektron ünvan vasitəsi ilə cümə axşamı Ayova universitetinin politologiya professoru Redlavsk bildirib.

Lakin o hesab edir ki, seçkilər hələ bitməyib və hər şey namizədlərdən birinin qələbə üçün kifayət edən səs yığdıqdan sonra aydın olacaq. Bu, yaxın iki həftə ərzində baş verə bilər. "Nəticə etibarilə demokrat-seçicilərin əksəriyyəti partiyanın müəyyənləşdirdiyi namizədi dəstəkləyəcək. Bunu Klintonun tərəfdarlarının əksəriyyəti barədə söyləmək olar", - deyə politoloq vurğulayıb. Redlavskın fikrincə, seçicilərə hər hansı tərəfə güclü meyl etmədiyini sübut edə bilən namizəd seçkiləri udmuş olacaq.

Senator Klinton bu vaxtadək əminliklə söyləyir ki, Obama ilə mübarizədə qalib gələcək. Lakin politoloqların əksəriyyəti hesab edir ki, o demokratların namizədi olmaq ümidlərindən vaz keçməlidir. "Klinton praktiki olaraq Demokrat Partiyasının vahid namizədi olmaq uğrunda gedən mübarizədə qalib gəlmək şansına malik deyil. Lakin o qələbə ümidi ilə "super nümayəndələr"in sayına təsir etmək üçün Obama haqda neqativ fikirlər söyləməkdə davam edəcək", - deyə amerikalı politoloq Qari Ceykobson (Gary Jacobson) vurğulayıb .

Onun sözlərinə görə, Klintonun namizədliyi geri götürüləndən sonra onun tərəfdarlarının bir hissəsi MakKeynə səs verəcək. Lakin seçicilərin əksəriyyəti istənilən halda Obamaya səs verəcək. "Demokratlar Corc Buşun səkkiz il ərzində Ağ evdə oturmasından sonra seçkiləri udmaq istəyirlər. Obama seçicilərin əksəriyyətini inandıra biləcək ki, MakKeynin prezidentliyi Buşun üçüncü müddətə qalmasının analoqu olacaq" - deyə cümə axşamı Trend -a elektron poçt vasitəsi ilə ABŞ-ın Kaliforniya universitetinin professoru Ceykobson bildirib.

Seçkiöncəsi müddətdə Klinton Obamanın bioqrafiyasının bəzi detallarını səsləndirməklə dəfələrlə qurultay nümayəndələrini öz tərəfinə çəkmək istəyib, lakin bu, onun seçkilərdəki nəticələrinə müsbət təsir göstərməyib. "Bu müddət ərzində Obama ilə bağlı çoxlu sayda ifşaedici məlumatlar (onlar güman ki, həqiqətə uyğun deyil) verilib ki, Klinton bu mərhələdə dividendlər qazansın", - deyə amerikalı politoloq Keri Kovinqton (Cary R. Covington) bildirib.

"Senator Klintonun tərəfdarlarının bir hissəsi MakKeynə səs verəcək. Lakin güman ki, onlar ümumiyyətlə səs verməyəcəklər", - deyə Trend -a cümə axşamı elektron poçtla Ayova universitetinin siyasi şöbəsi proqramlarının direktoru Kovinqton vurğulayıb. "Çox güman ki, Klintonun tərəfdarlarının bir hissəsi ümumən Demokrat Partiyasına səs verəcək. Ancaq Obamaya namizəd kimi səs verməyəcəklər", - deyə Kovinqton əlavə edib .

Seçki üzrə amerikalı ekspert Kennet Veynsteyn (Kenneth Weinstein) isə hesab edir ki, riyazi nöqteyi-nəzərdən senator Klintonun demokratlardan nominasiya alacağı mümkün deyil.

"Lakin o nüfuzunu qorumalıdır. Klinton Demokrat Partiyasında statusunu qorumaq üçün vahid namizəd məsələsində mövqelərin möhkəmliyi oyununu oynayacaq", - deyə cümə axşamı Trend -a elektron poçt vasitəsi ilə ABŞ-ın Hadson institutunun elmi əməkdaşı Veynsteyn bildirib.

"O Obamanın xoş münasibətinə ehtiyac duyur. Məqsəd senatorun ona seçki kampaniyası dövründə yığlmış böyük borcları ödəməkdə yardım göstərməsidir və prezident administrasiyasında sadiq tərəfdarlarını yerləşdirməsidir", - deyə ekspert vurğulayıb.Politoloqun fikrincə, demokratların əksəriyyəti sonucda Obama ətrafında birləşəcək. Veynsteyn hesab edir ki, Obamaya Mitt Romni və Rudi Culianinin MakKeynin kampaniyasına verdiyi dəstək kimi Klintonun dəstəyi lazım gələcək. "Obamaya kənd rayonlarında dəstək almaq çətin olacaq. Bu, onun kampaniyası üçün real və əsas problemdir. Lakin çox şey may ayından noyabr ayına kimi müddətdə dəyişə bilər", - deyə o əlavə edib.

Klinton mübarizədən çıxmaq üçün bir neçə şərt irəli sürür. O iki məsələ ilə bağlı konkret təminatlar istəyir. Bunlar onun siyasi gələcəyi və seçki kampaniyasında yığılmış böyük borclardır. Business Week gündəliyinin may buraxılışlarından birində yazılır ki, Klinton qərargahının borcları 20 milyon dollara çatıb. Nəşrə görə, bu, ilkin seçkilərin müvafiq mərhələsi üçün adi olan borcdan xeyli çoxdur. Öz qərargahlarını maliyyələşdirə bilməyən praymeriz iştirakçılarının əksəriyyəti bu mərhələdə mübarizədən çıxır. Klintonun duruş gətirməsinin səbəbi isə şəxsi büdcəsindən seçki qərargahına 11, 4 milyon dollar ayırmasıdır.

Məqalənin müəllifi ilə bu ünvan vasitəsi ilə əlaqə saxlamaq olar: [email protected]

Xəbər lenti

Xəbər lenti