...

Azərbaycan müxalifəti Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 2 İyun 2008 14:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan müxalifətinin seçkidə iştirak qərarı verən partiyaları hesab edir ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər seçkilərin demokratik şəraitdə keçməsinə əngəl yaradacaq "Əlavə və dəiyşikliklər ölkə Konstitusiyasına və demokratik prinsiplərə ziddir. Mən əlavə və dəyişikliklərlə bağlı yaxın günlərdə Konstitusiya Məhkəməsinə müraciət eləcəyəm", bazar ertəsi Trend -a Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov deyib.

Trend -un arayışı: Parlament bazar ertəsi Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Yeni layihəyə görə, prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın isə 40 minə endirilməsi nəzərdə tutulur. Bundan əlavə, seçki təbliğatı 120 gündən 75 günə endirilir. Məcəllədə dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtı ayrılması qadağan edilib.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir.

Namazov bildirib ki, layihədə dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtının ayrılması ləğv edilir və bu funksiya İctimai Televiziyaya tapşırılır. "Hansı ki, İctimai Televiziya, dövlət televiziyasından fərqli olaraq, bütün ölkə ərazisində yayımlanmır. İctimai Televiziya ölkə ərazisinin təqribən 60 faizində yayımlanır və bu o deməkdir 40 faiz seçici namizədlərin mövqeyi ilə tanış ola bilməyəcək", - deyən Namazovun sözlərinə görə, dəyişikliklər demokratik prinsiplərə zidd olsa da, müxalifət seçkidə iştirak etməlidir. Namazovun fikrincə, əhalinin sosial durumunun ağır olduğu, demokratiya sahəsində geriləmənin müşahidə olunduğu bir şəraitdə geri çəkilmək doğru deyil. "Əlavə və dəyişikliklər göstərir ki, hakimiyyət seçkilərin nəticələrindən arxayın deyil. Hakimiyyət bu yolla çalışır ki, müxalifətin real namizədləri seçkiyə getməsin", - deyə Namazov əlavə edib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə Trend -a bildirib ki, hakimiyyətin Seçki Məcəlləsinə etdiyi əlavə və dəyişikliklər seçkinin demokratik keçməyəcəyini sübuta yetirir. "Seçki Məcəlləsinə əlavə və dəyişikliklər Azərbaycan Konstitusiyasında seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi prinsipini həyata keçirməyə imkan vermir", - deyən Cəlaloğlunun sözlərinə görə, müxalifət hakimiyyətin bu addımından sonra geri çəkilməməli və seçki prosesinə tam qiymət vermək üçün boykot yoluna getməməlidir. "Biz indi geri çəkilsək, bu, yarımçıq qiymət olacaq. Seçkidə iştirak edib, prosesə tam qiymət verməliyik", - deyə Cəlaloğlu qeyd edib. Onun sözlərinə görə, Məcəlləyə dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinə müraciətin edilməsi müzakirə predmeti ola bilər.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə Trend -a bildirib ki, müxalifətin iradları yersizdir. Onun sözlərinə görə, əlavə və dəyişikliklər beynəlxalq təcrübəyə əsaslanır və demokratik xarakter daşıyır. Bu dəyişikliklər seçkilərin daha da demokratik keçməsinə xidmət edir. "Açıq şəkildə görünür ki, bu düşərgənin təmsilçiləri reallığı görüb, qarşıdan gələn seçkidə prezident İlham Əliyevin qələbə əldə edəcəyini özləri üçün artıq proqnozlaşdırıblar. Məğlubiyyətlərini sığortalamaq üçün isə indidən fərqli tezislər səsləndirirlər. Gah Seçki Məcəlləsi ilə bağlı iradlar, gah seçkiöncəsi mühitin guya onları qane etmədiyini, gah da müxtəlif bəhanələrlə seçkiyə qatılmayacaqlarını bildirirlər", - deyə Qurbanlı vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti