...

Azərbaycanın müxalifət partiyası prezident seçkisində qələbə qazanacağına əmin deyil

Siyasət Materials 17 İyun 2008 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir E.Babayev/ Müxalif Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) prezident seçkisində qələbə qazanacağına əmin deyil. "Etiraf etmək lazımdır ki, bu il keçiriləcək seçkinin favoriti İlham Əliyevdir" - çərşənbə axşamı Trend -a BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partiyasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə, seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Həsənquliyev vurğulayıb ki, bununla belə, BAXCP seçkidə qələbə qazanmağa çalışacaq. "İmkanlarımız hakimiyyət namizədinin imkanlarından xeyli dərəcədə məhduddur. Bununla belə, mübarizə aparıb, ortaya alternativ layihələr qoyacağıq" - deyən Həsənquliyev hesab edir ki, İlham Əliyevin reytinqi yüksək olsa da, seçkiyə getmək lazımdır. "Bizim seçkiyə qatılmağımızdan Azərbaycan cəmiyyəti daha çox udacaq. Seçkiyə getməsək, demokratiya sahəsində vəziyyət daha da pisləşəcək. Seçkiyə qatılıb, çatışmazlıqları demək lazımdır"- deyə BAXCP sədri bildirib. Həsənquliyev qeyd edib ki, ənənəvi müxalifətin namizədlərinin qələbə qazanmaq şansı yüksək deyil. "Onlar bir neçə dəfə seçkidə iştirak ediblər, yalan vədlər veriblər və bu vədləri reallaşdırmayıblar"- prezidentliyə iddialı deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti