...

Azərbaycan Sosial Rifah Partiyasının qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb

Siyasət Materials 18 İyun 2008 11:20 (UTC +04:00)
Azərbaycan Sosial Rifah Partiyasının qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb

Azərbaycan, Bakı, 18 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) çərşənbə günü keçirilən VI qurultayında hazırki dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. "Bizim yolumuz müqəddəs ideyaların həyata keçirilməsinə xidmət edən niyyətlərə əsaslanır. Bu yol ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursla üst-üstə düşdüyündən, partiyamız 2008-ci ilin payızında keçirilməsi nəzərdə tutulan prezident seçkisində də İlham Əliyevin yenidən prezidentliyə namizədliyini dəstəkləməyi özünün ən doğru seçimi hesab edir", qurultayda çıxış edən ASRP sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot edəcəyi barədə bəyanat verib.

Azərbaycanın iqtidaryönlü Ana Vətən Partiyasının çərşənbə axşamı keçirilən V qurultayında da hazırki dövlət başçısı, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Kazımlı vurğulayıb ki, Seçki Məcəlləsinə əsasən, prezidentliyə namizədlər seçkilərə rəsmən start veriləndən sonra irəli sürülür. Bu baxımdan qurultayın prezident seçkisi ilə bağlı qərarı yeni seçiləcək Ali Məclisdə seçkilərə rəsmən start veriləndən sonra rəsmiləşdiriləcək. Kazımlı onu da bildirib ki, ASRP 2003-cü ildə də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti