...

Azərbaycanda daha çox mətbuat və söz azadlığı olmalıdır - Avropa Şurasının Baş katibi

Siyasət Materials 25 İyun 2008 14:23 (UTC +04:00)
Azərbaycanda daha çox mətbuat və söz azadlığı olmalıdır - Avropa Şurasının Baş katibi

Fransa, Strasburq, 25 iyun / Trend , müxbirlər A. Məhərrəmli, İ.Əlizadə/ Avropa Şurasının Baş katibi Terri Devis hesab edir ki, Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərinin azad və demokratik qiymətləndirilməsi üçün ölkədə daha çox mətbuat və söz azadlığı olmalıdır. "Azərbaycanda daha çox mətbuat və söz azadlığı olmalıdır ki, biz prezident seçkilərinin azad və demokratik olacağını deyə bilək", - deyə çərşənbə günü Strasburqda keçirdiyi mətbuat konfransında Azərbaycanda seçkiöncəsi vəziyyəti necə qiymətləndirməsi və AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin hansı formada yerinə yetiriləcəyi haqda sualı cavablandırarkən Avropa Şurasının Baş katibi Terri Devis bildirib.

Trend -un arayışı: Avropa Şurası Parlament Assambleyasının (AŞPA) çərşənbə günü keçirilən iclasında Azərbaycanla bağlı "Azərbaycanda seçkiöncəsi demokratik təsisatların vəziyyəti" adlı 11627 saylı qətnamə qəbul olunub.

Həmməruzəçilərin hazırladıqları hesabatda Seçki Məcəlləsinin təkmilləşdirilməsi, sərbəst toplaşmaq azadlığı sahəsində məhdudiyyətlərin aradan qaldırılması, həbsdəki jurnalistlərin dərhal azadlığa buraxılması kimi məsələlər var.

Qəbul olunan qətnamədə qeyd olunub ki, AŞPA Azərbaycan hakimiyyətini Natiq Əfəndiyev, Rasim Ələkbərov, Ruslan Bəşirli, Akif Hüseynov və Telman İsmayılovu humanitar əsaslarla azadlığa buraxmaq məsələsini müzakirə etməyə çağırır.

Müzakirələr zamanı sənədə 22 düzəliş təklif olunub, onlardan 9-u qəbul edilib.  

Baş katib qeyd edib ki, mətbuat azadlığı demokratiyanın özülünü təşkil edir: "Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycandakı vəziyyətlə bağlı narahatlığını ifadə edib. Mən də Baş katib kimi Azərbaycandakı vəziyyətdən ciddi narahatlığımı bildirmişəm, o cümlədən jurnalistlərin vəziyyəti ilə bağlı narahatlığımı ifadə etmişəm".

Onun fikrincə, jurnalistlərin vəziyyətini yaxından izləmək lazımdır. "Azərbaycan tərəfinin jurnalistlərlə düzgün və bərabər formada davranmasından əmin deyiləm. Azərbaycan hakimiyyət orqanlarının nümayəndələri ilə bu haqda şəxsi söhbətlərim olub və bununla bağlı bəyanatlar vermişəm", - deyə Avropa Şurasının Baş katibi əlavə edib.

Devis bildirib ki, AŞPA-nın qəbul etdiyi sənədlər tam olaraq Avropa Şurasının mövqeyini əks etdirmir. Baş katib vurğulayıb ki, AŞPA istədiyi qətnamə və məruzələri qəbul etməkdə sərbəstdir: "Ümid edirəm ki, Azərbaycan hökuməti qətnamə ilə bağlı tədbirlər görməmişdən əvvəl, AŞPA-nın mövqeyinə layiq olduğu diqqət və önəmi göstərəcək".

2001-ci il yanvarın 7-də Azərbaycan Avropa Şurasına tam hüquqlu üzv olarkən öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək üçün AŞPA tərəfindən Azərbaycan üzrə həmməruzəçilər təyin olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti