...

GUAM BMT-yə təqdim olunan qətnamə layihəsinin qurumun gündəliyinə daxil edilməsi ilə bağlı məsləhətləşmələr aparır – Azərbaycanın BMT-dəki nümayəndəsi (video)

Siyasət Materials 8 İyul 2008 15:15 (UTC +04:00)
GUAM BMT-yə təqdim olunan qətnamə layihəsinin qurumun gündəliyinə daxil edilməsi ilə bağlı məsləhətləşmələr aparır – Azərbaycanın BMT-dəki nümayəndəsi (video)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir İ.Əlizadə/ BMT Baş Assambleyasında "dondurulmuş münaqişələr"ə dair müzakirələrin aparılması üçün "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat-GUAM" ölkələri tərəfindən təqdim olunan qətnamə layihəsinin gündəliyə daxil edilməsi ilə bağlı məsləhətləşmələr aparılır.

"GUAM ölkələri tərəfindən təqdim olunan qətnamə mütləq müzakirəyə çıxarılacaq və bunun qarşısını heç bir dövlət ala bilməz", - deyə çərşənbə axşamı Bakıda jurnalistlərə açıqlamasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev bildirib.

Trend -un arayışı: GUAM-da postsovet məkanına daxil olan dörd ölkə-Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova təmsil olunur. Gürcüstan, Azərbaycan və Moldova ərazisində "dondurulmuş münaqişələr" mövcuddur. Gürcüstan Abxaziya və Cənubi Osetiya, Azərbaycan Dağlıq Qarabağ, Moldova isə Dnestryanı bölgədə mövcud olan etnik münaqişələrdən əziyyət çəkir.

2008-ci il martın 14-də BMT Baş Assambleyası Azərbaycan tərəfindən təqdim edilən "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" qətnaməni qəbul edib.

Qətnamədə "Azərbaycanın bütün işğal olunmuş ərazilərindən Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. GUAM ölkələri Azərbaycan tərəfindən təqdim olunan qətnaməni dəstəkləyib.

Mehdiyev qeyd edib ki, məsləhətləşmələr başa çatandan sonra qətnamənin müzakirəyə çıxarılacağı tarix dəqiqləşəcək.

"GUAM ölkələri tərəfindən BMT-yə təqdim olunan qətnamədə "dondurulmuş münaqişələr"dən əziyyət çəkən ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünün təsdiqlənməsi nəzərdə tutulub", -deyə BMT-dəki nümayəndə əlavə edib.

Onun sözlərinə görə, BMT Baş katibi Pan Ki Mun mart ayında Baş Assambleyada "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" qətnamə ilə bağlı məruzə hazırlayacaq: "Hazırda bununla bağlı iş gedir. Məruzə hazır olanda məsələ Baş Assambleyada müzakirə olunacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti