...

Aralıq dənizi İttifaqı: Barselona sazişlərinə yeni ad – ekspertlər

Siyasət Materials 14 İyul 2008 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend müxbir V.Javronkova, U.Sadıqova, S.İlhamqızı/ Fransa prezidentinin təşəbbüsü ilə Aralıq dənizi İttifaqının yaradılması Aralıq dənizi hövzəsi ölkələrinə heç bir əlavə üstünlük vermir və bu yalnız hazırda mövcud Barselona sazişinin təkrarıdır.

"Təəssüf ki, bu təşəbbüs Aralıq dənizi hövzəi ölkələrinə heç bir əlavə üstünlük vermir. Orada inteqrasiya sistemləri inkişaf edib və fransızlar bu sistemlərin üzərinə əlavə olaraq nə isə tikmək istəyirlər. Lakin nəticədə onların bununla nə istədikləri məlum deyil", - Avropalı ekspert Dmitri Koçenov hesab edir.

Aralıq dənizi İttifaqı bazar ertəsi Parisdə keçirilən sammitdə yaradılıb. Sammitdə Avropa, Şimalı Afrika və Yaxın Şərqin 43 ölkəsinin dövlət və hökumət başçıları iştirak ediblər. Əhalisi 750 milyon nəfər təşkil edən ölkələrin daxil olacağı İttifaqın yaradılması fikri Fransa prezidenti Nikolya Sarkoziyə məxsusdur. Yeni təşkilatın vəzifələri arasında qanunsuz immiqrasiya və ətraf mühitin çirklənilməsi ilə mübarizə var.

Koçenovun sözlərinə görə, Avropanın artıq belə birlikləri var. Nümunə kimi, Avropa İttifaqı və Aralıq dənizi ölkələri arasına Barselona münasibətlər sistemini göstərmək olar.

1995 - ci ildə Barselonada Avro -Aralıq dənizi tərəfdaşlığı konfransı keçirilib. Konfrans dövlətlərarası əməkdaşlıq prosesinə start verib və "Barselona prosesi" adını alıb. Konfransın təşəbbüsçüsü kimi Avropa İttifaqı çıxış edib.

"Sarkozinin təklif etdiyi Aralıq dənizi İttifaqı artıq mövcud olan sistemi təkrarlayır. Bu yalnız bizdə artıq olanın yeni adıdır. O hətta iki dəfə təkrarlayır: Aİ Barselona prosesinə - Aralıq dənizi ölkələri ilə dərinləşdirilmiş münasibətlər sisteminə malikdir. Bundan əlavə, mehriban qonşuluq siyasəti var. Yeni təşəbbüs, bir növ, onların üzərində tikilən üçüncü mərtəbədir", - Avropa hüququ doktoru, Qroningen Universitetinin dosenti Koçenov bazar ertəsi telefonla Trend -a bildirib.

Aİ-də Fələstin nümayəndə heyətinin başçısı Adel Atey bu İttifaqın Yaxın Şərq və İsrail arasında münasibətləri dəyişə biləcəyinə şübhə edir. "İsrail Barselona sazişini həyata keçirməyə çalışır. Aralıq dənizi İttifaqı və Barselona sazişi arasında heç bir fərq yoxdur", - Atay bazar ertəsi telefonla Trend -a bildirib.

Türkiyəli ekspert Akif Əmrə də yeni ittifaqın perspektivini görmür. "Aralıq dənizi ölkələri arasında əməkdaşlıq və razılıq yoxdur, əksinə, onlar arasında hələ də münaqişələr davam edir", - Əmrə bazar ertəsi Türkiyədən telefonla Trend -a bildirib.

Onun sözlərinə görə, İsrail və Suriya, İsrail və Livan arasında, ümumiyyətlə, heç bir diplomatik münasibət yoxdur. Livan, Tunis, Suriya, Zair, Liviya İsraili tanımır. İsrail Aralıq dənizi ölkələri arasında yalnız Misirlə diplomatik münasibətlərə malikdir. "İsrail bu ittifaqa daxil olduğuna görə Aralıq dənizi ölkələri arasında hansısa əməkdaşlıq və münasibətlərin inkişafını gözləməyə dəyməz", - Əmrə bildirib.

Koçenovun sözlərinə görə, İttifaqın gələcəyi bütün bunların necə inkişaf edəcəyindən asılıdır. "Bu bizim artıq malik olduğumuza heç bir şey əlavə etmir və problem bundadır. Mənfi cəhət ondan ibarətdir ki, bunun hüquqi və siyasi baxımdan hansı məna kəsb edəcəyi tam aydın deyil. Digər tərəfdən, bu adın yeni məzmun alacağını müsbət cəhət hesab etmək olar. Bu yalnız siyasi təşəbbüsdür və hazırlanmış hüquqi bazaya malik deyil", - ekspert bildirib.

Ateyin sözlərinə görə, avropalılar artıq uzun müddətdir ki, Şərqlə münasibət qurmağa çalışırlar və bunun üçün müxtəlif çıxış yolları axtarırlar. Bu yollardan biri Aralıq dənizidir. "Onlar əmindirlər ki, iqtisadi fikir ayrılıqlarını aradan qaldıra bilsələr, münasibətlər qurula bilər. Şərq və Qərb arasında fikir ayrılıqlarının səbəblərindən biri budur. Ərəb ölkələri əvvəlcə siyasi, sonra iqtisadi fikir ayrılıqlarını aradan qaldırmağı zəruri hesab edirlər", - ekspert əlavə edib.

Xəbər lenti

Xəbər lenti