...

Polis yalnız qanunu pozan dindarlara qarşı mübarizə aparır - Azərbaycan daxili işlər nazirinin müavini

Siyasət Materials 3 Sentyabr 2008 13:06 (UTC +04:00)
Polis yalnız qanunu pozan dindarlara qarşı mübarizə aparır - Azərbaycan daxili işlər nazirinin müavini

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) hər hansı dini etiqada və inanca qarşı mübarizə aparmır.

"Ölkədə nəzərdə tutulmayan yerlərdə namaz qılanların qarşısı alınır. Şəhidlər Xiyabanına yüzlərlə qonaq gəlir. Kimsə məscidin yanındakı küçədə namaz qılırsa, bu, yolverilməzdir" Trend -un məlumatına görə, çərşənbə günü jurnalistlərə daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.

Trend -un arayışı: Avqustun 29-da polislər Bakının İçərişəhər və Şəhidlər Xiyabanındakı məscidlərdə  Əbu Bəkr məscidinin dindarlarının ibadət etməsinin qarşısını alıblar.

Azərbaycanda Əbu Bəkr məscidinin dindarlarının məscidlərə buraxılmaması baş vermiş məlum hadisədən sonra təhlükəsizliyin təmin olunması ilə bağlıdır. Bunu isə şənbə günü Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

Dindarlar deyiblər ki, məsciddə yer olsa da, polis onları qəsdən içəri buraxmayıb. Məscidə gedən yolları bağlayan polis əməkdaşları isə bildiriblər ki, bunu dindarların təhlükəsizliyi, onların məsciddən kənarda, küçədə namaz qılmalarının qarşısını almaq üçün edirlər. Paşazadə bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən məscidlərə bu barədə göstəriş verilməyib.

Zalov deyib ki, namaz qılmaq və ibadət etmək üçün yerlər və məscidlər var. "Yolun kənarında tıxaclar yaradırlar. İnsanların istirahət etdiyi yerlərdə namaz qılanların özləri dini etiqadlarına şübhə yaradırlar. Küçədə namaz qılmaq olmaz, bu, məsciddə olmalıdır", - DİN rəsmisi əlavə edib.

Zalov bildirib ki, qeydiyyatdan keçən məscid və icmaların fəaliyyətinə heç bir məhdudiyyət yoxdur və onlara qarşı zorakılıq ola bilməz. "Dini sahədə vəziyyət sabitdir. Tolerantlıq hökm sürür, bu sahədə qeyri-sabitlik yoxdur, vəhabilər də qeydiyyatdan keçibsə, tam azad şəkildə etiqadlarını həyata keçirə bilərlər", - Zalov vurğulayıb.

Polis bölmələrində saqqal qırxılmasına gəlincə, o deyib ki, belə məsələ yoxdur. "Polis bölmələrində heç kəsin saqqalı qırxılmayıb. Polis ancaq "Dini etiqad azadlığı haqqında" qanunu pozanlara qarşı mübarizə aparır", - DİN rəsmisi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti