Azərbaycan, Bakı, 20 sentyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanda prezident seçkisinin boykot edilməsi ilə bağlı birgə bəyanat imzalamış beş siyasi təşkilatın qəbul etdiyi fəaliyyət proqramına əsasən, kütləvi aksiya ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmasına dair qərar qəbul edilib.
"Kütləvi aksiyanın seçki kampaniyası dövründə kütləvi tədbirlərin keçirilməsi üçün ayrılmış yerlərin birində keçirilməsi qərara alınıb. Lakin aksiyanın harada keçirilməsi ilə bağlı siyasi təşkilatlar konkret qərar qəbul etməyiblər", - deyə şənbə günü Müsavat partiyası İcra Aparatının rəhbəri Arif Hacılı Trend -a məlumat verib.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Sentyabrın əvvəlində "Azadlıq" blokuna daxil olan partiyalar ї Azərbaycan Xalq Cəbhəsi Partiyası, Liberal Partiya, Vətəndaş və İnkişaf Partiyası; Müsavat Partiyası və "Azərbaycan Naminə" İctimai Forum prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri - legitim elan edilib.
Bakı şəhər İcra Hakimiyyəti paytaxtda kütləvi tədbirlərin keçirilməsi üçün 10 yer ayırıb. Həmin yerlər şəhərin mərkəzindən kənardadır. Müxalifət partiyaları ayrılan yerlərin şəhər kənarında olduğunu əsas gətirərək, kütləvi tədbirlər keçirmək istəyində deyildilər.
Hacılının sözlərinə görə, birgə bəyanat imzalamış siyasi təşkilatlar icazəsiz aksiyaların da keçirilməsini istisna etmirlər və bu məsələ müzakirə mövzusudur.
"Kütləvi aksiyalar ölkədə demokratik şəraitin olmaması, Seçki Məcəlləsində olan çatışmamazlıqlar, ölkədə normal siyasi plüralizm şəraitinin, siyasi qüvvələr üçün azad rəqabət şəraitinin olmaması mövzularına həsr olunacaq", -deyə o bildirib.
Hacılı qeyd edib ki, qəbul olunmuş fəaliyyət proqramının gələn həftədən həyata keçirilməsi nəzərdə tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]