...

Regional münaqişələr "dondurulmuş" deyil və onlar Cənubi Qafqazın təhlükəsizliyi üçün böyük təhlükədir - Azərbaycan XİN rəhbəri

Siyasət Materials 23 Sentyabr 2008 05:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr / Trend / ABŞ-da səfərdə olan Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov BMT Baş Assambleyasının sessiyası çərçivəsind? bir sıra ikitərəfli görüşlər keçirib. XİN mətbuat xidmətindən verilən məlumata görə, Məmmədyarov xorvatiyalı həmkarı Qordan Jandroković ilə görüşüb. Söhbət əsnasında regional münaqişələrə toxunan Məmmədyarov onların "dondurulmuş" olmadığını və regional təhlükəsizlik üçün əsas təhlükə yaratdığını qeyd edib. Nazir Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu vurğulayıb. Öz növbəsində Jandroković ölkəsinin Azərbaycanın bu mövqeyini dəstəklədiyini deyib.

Məmmədyarovun digər görüşü Lüksemburqun XİN başçısı Jean Asselbornla olub. Beynəlxalq, enerji və Avropa məsələlərinin müzakirə edildiyi görüşdə regional sabitliyin bərqərar olunması üçün Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb. Türkiyənin təklif etdiyi "Qafqazda Təhlükəsizlik və İnkişaf  Platformasının" isə maraqlı və müsbət təşəbbüs olduğu bildirilib.

Məmmədyarov həmçinin gürcüstanlı həmkarı Ekaterina Tkeşelaşvili  ilə görüşüb. Nazir regionda təhlükəsizliyin və sabitliyin bərqərar olmasının bütün region ölkələrin marağında olduğunu deyib və Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyini bildirib. Görüş zamanı həmçinin iki ölkə arasında olan enerji və nəqliyyat layihələri və bu sahədə hazırkı vəziyyət müzakirə olunub.

Məmmədyarov ABŞ-a səfəri çərçivəsində Amerika Yəhudi Komitəsinin (AYK) üzvləri, eləcə də Ukrayna XİN rəhbəri ilə görüşüb. Ukraynalı nazirlə görüşdə ikitərəfli, regional, beynəlxalq, habelə GUAM-la bağlı məsələlər müzakirə olunub.

Azərbaycan XİN başçısı həmçinin prezident Corc Buş və xanımı Lora Buş tərəfindən verilmiş ziyafətdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti