Azərbaycan, Bakı, 25 sentyabr / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi İlham Əliyevin seçki - təşviqat kampaniyası ölkənin bütün bölgələrində uğurla davam edir. "YAP-ın "İlhamla irəli" şüarı ilə keçirilən seçki-təşviqat kampaniyasında artıq yüz minlərlə seçici iştirak edib", -bu barədə cümə axşamı Trend - a YAP mətbuat xidmətindən məlumat verilib.
Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək.
Məlumatda qeyd olunub ki, prezidentliyə namizəd İlham Əliyevin seçki - təşviqat kampaniyası çərçivəsində nəzərdə tutulan hər bir görüş kütləviliyi və fəallığı ilə seçilir: "Keçirilən görüşlər, aparılan söhbətlər ümummilli lider Heydər Əliyevin siyasi kursunun və bu yolun uğurlu davamçısı olan prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və iqtisadi islahatların xalq tərəfindən yekdilliklə dəstəkləndiyini və müdafiə olunduğunu bir daha təsdiqləyib". Məlumatda bildirilib ki, Qanuna uyğun olaraq, namizədlərin görüşləri və kütləvi aksiyalar üçün nəzərdə tutulan ünvanlarda keçirilən mitinq -görüşlərə yüksək əhval - ruhiyyə ilə qoşulan ictimaiyyət nümayəndələri, seçicilər ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin iqtisadi və sosial inkişafına yüksək qiymət verdiklərini ifadə ediblər, prezidentliyə namizəd İlham Əliyevi qətiyyətlə dəstəklədiklərini bildiriblər: "Prezident İlham Əliyevin seçki - təşviqat kampaniyası davam edir. Seçkilərə "İlhamla irəli" çağırışı ilə qoşulan YAP-ın tətbiq etdiyi ən müasir seçki texnologiyaları ilə müasir Azərbaycanın seçki tarixində də yeni səhifələr açııb". YAP - ın təbliğat-təşviqat qrupunun nümayəndələri Zaqatala, Şəki, Qəbələ, Ucar, Ağdaş, Şəmkir, Gədəbəy, Lerik, Masallı, Samux, İmişli, Tərtər, Bakının Yasamal, Sabunçu, Suraxanı, Qaradağ, Binəqədi, Nəsimi rayonlarında seçicilərlə görüşlər keçiriblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]