...

Avropa Şurasının qətnaməsi etnik təmizləmə aparanlardan cavab tələb etməkdə Gürcüstana kömək edəcək - spiker

Siyasət Materials 3 Oktyabr 2008 13:01 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Avropa Şurasında aparılan müzakirələr və qətnamənin qəbulu ilə əlaqədar olaraq, Gürcüstan parlamentinin sədri David Bakradze xüsusi brifinq keçirib. "Bu sənəd digər beynəlxalq təşkilatlarda Gürcüstanın əlində silah olacaq və ölkəyə gürcülərin etnik təmizlənməsini aparanlardan cavab tələb etməyə kömək edəcək", - spiker deyib.

Qanunvericilik orqanı rəhbərinin sözlərinə görə, bu, Cənubi Osetiyada etnik təmizləmə faktlarını qeydə alan və bütün digər beynəlxalq təşkilatları rəsmi olaraq onları pisləməyə çağıran birinci sənəddir.

"Sənəddə qeyd edilib ki, gürcülərin etnik təmizləmə faktı atəşkəs rejimi imzalanandan sonra da olub. Bu, çox böyük əhəmiyyət kəsb edir. Bu müddətdə münaqişə zonasında əhalinin təhlükəsizliyi Rusiya Silahlı Qüvvələrindən asılı olub. Belə qiymətləndirmə, Gürcüstana bütün beynəlxalq təşkilatlardan, o cümlədən beynəlxalq məhkəmələrdən etnik təmizləməni aparanların, ona himayədarlıq edənlərin və təşkilatçılarının pislənilməsini və cəzalandırılmasını tələb etməyə birbaşa əsas verir", - Bakradze bəyan edib.

Onun sözlərinə görə, qətnamə Rusiyanı birbaşa çağırır: Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı qərarını dəyişməyə; separatçı regionlara beynəlxalq müşahidəçiləri buraxmağa; razılaşmanın 6-cı bəndinə əsasən, Gürcüstanın ərazisindən qoşunlarını tam çıxartmağa və qaçqınların qayıtmasına kömək etməyə.

Parlamentin spikeri həmçinin qeyd edib ki, Avropa Şurasının münaqişənin başlanılması ilə bağlı qiymətləndirməsi də mühüm əhəmiyyət kəsb edir. "Münaqişə gərginliyin tarıma çəkilməsi nəticəsində baş verib ki, bu da təxribat və təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olub. Bu, avqustun 7-dən də öncə başlayıb. AŞ-nin bu qiymətləndirməsi gürcü tərəfinin mövqeyi ilə üst-üstə düşür", - Bakradze qeyd edib.

Onun sözlərinə görə, AŞ gürcü tərəfinin müstəqil beynəlxalq istintaq strukturunun yaradılması ilə bağlı təklifini paylaşır. Bu struktur münaqişənin başlanma səbəblərini təhqiq edəcək.

Parlament sədrinin bildirdiyinə görə, Rusiya tərəfinin qətnamənin qəbul edilməsini boykot etməyə göstərdiyi cəhdləri boşa çıxıb. Bu isə AŞ-nin dəyərlərə qiymət verən təşkilat olduğunu sübut edir. Bakradze gürcü nümayəndə heyətinin həm çoxluq, həm də azlıq təşkil edən nümayəndələrinə görülmüş işlərə görə minnətdarlığını bildirib.     

Xəbər lenti

Xəbər lenti