...

Bakıda türk vətəndaşının restoranından oğurluq edən şəxs tutulub

Siyasət Materials 7 Oktyabr 2008 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nəsimi rayonunda türk vətəndaşına məxsus restorandan avqustun 24-də xeyli miqdarda pul oğurlayan şəxs tutulub.

Nəsimi rayon Polis İdarəsindən (RPİ) çərşənbə axşamı Trend -a verilən məlumata görə, Rəşid Behbudov küçəsi, ev 17-də yerləşən və Türkiyə Respublikasının vətəndaşı Ayhan Dönməz Şükürü oğluna məxsus "Asya-Türk" restoranından 7500 manat pul oğurladığına görə Bakı sakini 1989-cu il təvəllüdlü Mirümid Ağası oğlu Əhmədov tutulub.

Faktla bağlı Nəsimi RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törədilməsi (177.2.3-cu) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Azərbaycan Cinayət Məcəlləsinə görə, qeyd olunan maddə ilə təqsirləndirilən şəxsin təqsiri istintaqda və məhkəmədə sübuta yetirilərsə, həmin şəxs şərti maliyyə vahidi məbləğinin yüz mislindən yeddi yüz mislinədək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti