Azərbaycan, Bakı, 15 oktyabr / Trend , A.Hüseynbala / Bu gün Azərbaycanda keçirilən prezident seçkisində müşahidə aparan "Azad və Ədalətli Seçkilər Uğrunda" Məşvərət Şurasının Bərdə bürosundan Trend -a verilən məlumata görə, saat 14.30-da 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd DSK-nın 2 saylı məntəqəsində 875 seçicidən 530-u artıq səsvermədə iştirak edib, 15 nəfər isə cıxarış vərəqəsi alıb.
Şuranın Sumqayıt bürosundan verilən məlumata görə, 41, 42, 43 və 44 saylı DSK-ların 6 məntəqəsində günün birinci yarısında ümumilikdə 7 663 seçicidən 2 471 nəfəri səsvermədə iştirak edib. Müşahidəçilərin sözlərinə görə, 43 saylı DSK-nın 21 və 22 saylı məntəqələrinin qarşısında əlində siyahılar tutmuş məktəb rəhbərləri və MİS işçiləri səsverməyə gələnlərin adlarını qeyd edirlər. Müşahidəçilərin sözlərinə görə, əksər seçicilər səsvermədən sonra iş yerinə təqdim etmək üçün bildiriş vərəqəsinə möhür vurdururlar.
20 saylı DSK-nın N.Tusi adına ADPU-dakı 20-ci məntəqəsindən daxil olan məlumata görə, günortadan sonra səsvermədə fəallıq artıb və təxminən 350 tələbə səs verib.
Şuranın "qaynar xətt"inə daxil olan məlumata görə, ölkə üzrə 70 min seçiciyə cıxarış vərəqəsi verilib ki, onların da bəzisi bundan istifadə edərək iki yerdə səs verir. Müşahidəçilər bunu seçicilərin hər iki əlinə vurulan mürəkkəblə müəyyən edirlər.
Şuradan bildirilir ki, saat 14.30-a olan məlumata görə, seçici fəallığı daha çox Xaçmaz rayonunda (25%) qeydə alınıb. Ən az fəallıq isə Bakının Yasamal rayonunda (3%) müşahidə edilib.
Şuranın Lənkəran bürosundan verilən məlumata görə, "exit-poll"un 14.30-a olan məlumatına görə, hələlik namizədlərin siyahısına İlham Əliyev rəhbərlik edir. Sonrakı yerləri İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Fazil Mustafayev, Fuad Əliyev və Qulamhüseyn Əliyev bölüşürlər.