Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın QHT Milli Forumu ölkədə keçirilən prezident seçkisini ədalətli və demokratik adlandırıb.
"Prezident seçkisinin gedişatını geniş QHT spektri izləyib. Onlar tərəfindən ciddi pozuntu aşkarlanmayıb. Qeydə alınna pozuntular isə, seçkinin nəticələrinə təsir edə bilməz", - deyə cümə axşamı keçirilən mətbuat konfransında QHT Milli Forumunun sədri Rauf Zeyni bildirib. Onun sözlərinə görə, prezident seçkisi üzrə yekun rəsmi qiymətləndirmə yaxın günlərdə elan olunacaq.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə günü keçirilən mətbuat konfransında bildirib ki, ilkin nəticələrə görə, İlham Əliyev bütün səslərin 89,4 faizini toplayıb.
Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Dövlət başçısı postuna yeddi namizəd iddia edir - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
MSK-nın təqdim etdiyi ilkin məlumatlara görə, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Haçıyev 0,62 faiz səs toplayıb.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən 4 milyon 866 min 582 seçici qeydə alınıb. Prezident seçkisi ilə əlaqədar 5359 seçki məntəqəsi yaradılıb. Onların 5148 - i daimi, 33 - ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.
Beynəlxalq normalara riayət olunması baxımından Azərbaycanda keçirilən prezident seçkisini təqribən 60 ölkədən 1233 beynəlxalq müşahidəçi izləyib. Ən böyük missiyalar Avropa Şurası, ATƏT və MDB -yə məxsus olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend