...

Azərbaycanın Böyük Britaniyadakı səfiri Britaniya Parlamentinin üzvləri ilə görüşüb

Siyasət Materials 22 Oktyabr 2008 00:14 (UTC +04:00)

Böyük Britaniya, London, 21 oktyabr / Trend , müxbir G. Əhmədova/

Bu gün Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri F.Qurbanov Britaniya Parlamentinin üzvləri Qreq Hends və Lord Freyzer ilə ayrı-ayrılıqda görüş keçirib.
Bu barədə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyindən Trend -a bildiriblər.
Hər iki görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir ölkəmizdə, eləcə də regionda baş verən hadisələr haqqında məlumat vermiş və regional təhlükəsizliyin təmin olunmasının vacibliyini diqqətə çatdırmışdır. Bu çərçivədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllinin xüsusi əhəmiyyətə malik olacağını və bunun bütövlükdə bölgədə sabitliyin və rifahın bərqərar olunmasına töhfə verəcəyini vurğulayıb.
Bununla yanaşı, görüşlərdə səfir ölkəmizdə keçirilən prezident seçkilərinin gedişi haqqında bəhs etmiş və seçkilərin tam demokratik və şəffaf şəraitdə, beynəlxalq normalara uyğun həyata keçirildiyini qeyd etmişdir. O, həmçinin beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı rəylərinin müsbət olduğunu və seçkilərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini əlavə edib.
Görüşlər zamanı parlamentlərarası əlaqələr ətrafında da fikir mübadiləsi aparılmış və hər iki ölkənin parlamentləri arasında qarşılıqlı münasibətlərin genişləndirilməsinin ümumi münasibətlərə müsbət təsir edəcəyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti