Azərbaycan, Bakı, 25 oktyabr / Trend ,müxbir U.Sadıqova/ Fələstinin hakim FƏTH partiyası ilə HƏMAS islami müqavimət hərəkatı arasında növbəti danışıqlar Misirin vasitəçiliyi ilə noyabrın 9-da Qahirədə keçiriləcək.
FƏTH partiyasının mətbuat katibi Fəhmi əz-Zəarir Rəmallahdan telefonla Trend -a bildirib ki, tərəflər regionun iqtisadi təcridini, daxili siyasətin təhlükəsizliyini, həmçinin vahid Fələstin dövlətinin yaradılması məsələlərini müzakirə edəcəklər.
2006-cı ildə Fələstin Muxtariyyətində keçirilən parlament seçkisi nəticəsində HƏMAS hərəkatı qələbə qazandı və bununla da regionda parçalanma yarandı.
Hakim və müxalifət partiyası arasında fikir ayrılığı tərəfləri dəfələrlə danışıqlar masası arxasına oturmağa sövq edib, lakin onlar vahid dövlətin yaradılması barədə qəti razılığa gələ bilməyiblər.
"Nə FƏTH, nə HƏMAS hələ ki, detallı danışıqlara başlamayıblar", - deyə Zəarir bildrib.
Zəaririn sözlərinə görə, Qahirədə keçiriləcək danışıqlarda gələcək prezident seçkisi müzakirə olunmayacaq.
Məqalə müəllifi ilə əlaq ünvanı - [email protected]