...

Azərbaycan prezidentliyinə keçmiş namizədlərin birliyi yeni müxalifət adına iddialıdır

Siyasət Materials 27 Oktyabr 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan prezidentliyinə keçmiş namizəd, müxalif Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hesab edir ki, yaradılması nəzərdə tutulan prezidentliyə namizədlərin bloku yeni müxalifəti təmsil edəcək.

"Azərbaycanda prezident seçkisindən sonra yeni müxalifət formalaşır və bu müxalifət sivil və normal mübarizə aparmaq əzmindədir", - deyə Hacıyev bazar ertəsi Trend -a bildirib.

Hacıyevin sözlərinə görə, prezidentliyə namizədlərin yeni blokunun yaradılması məsələsinin ilkin müzakirələri aparılıb. "Bəzi namizədlərlə aparılmış söhbətlərdə qərara alınıb ki, blokun yaradılması məsələsi gündəmdə saxlanılsın və müzakirələr davam etdirilsin", - deyə Hacıyev bildirib.

Onun bildirdiyinə görə, yeni yaradılacaq blok tarixin arxivinə göndərilmiş müxalifət partiyalarının yenidən baş qaldırmasına imkan verməyəcək. "Müxalifət bir qrup şəxs tərəfindən inhisara alınmışdı. Apardığımız mübarizə və ideyalarımız sayəsində seçkidən sonra onları kənarda qoyduq", - deyə o əlavə edib.

Hacıyev prezidentliyə keçmiş namizəd, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin yaradılması nəzərdə tutulan blokla bağlı müzakirələrdə hələlik iştirak etmədiyini bildirib. "İstəyirik ki, arxasında güc olan qüvvələrlə bloku yaradıb əməkdaşlıq quraq. Fuad Əliyev seçkidə iştirak etsə də, onun arxasında formalaşmış strukturları yoxdur. Fuad Əliyevlə bu barədə söhbət aparılıb və o, bunu normal qarşılayb. O sevinməlidir ki, bizim kimi partiyalarla bir yerdə seçkiyə qatılıb", - deyə Hacıyev əlavə edib.

Prezidentliyə keçmiş namizəd Qulamhüseyn Əlibəyliyə gəlincə, Hacıyev bildirib ki, hazırda o, partiya quruculuğu ilə məşğuldur. "Partiyanın təsis olunmasından sonra onunla əməkdaşlıq etməyə hazırıq", - deyə Hacıyev qeyd edib.

Bu həftə ərzində prezidetliyə namizədlər arasında növbəti müzakirələrin aparılacağını bildirən keçmiş namizəd blokun yaradılmasında tələskənliyə yol verilməyəcyini bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrin 15 - də keçirilib.

Seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev hamıdan çox səs toplayıb - 88.73 faiz.

Müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti