Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bildirib ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində proseslər sürətlənib və intensiv xarakter alıb.
" Sülh danışıqları nəticə verməzsə, Azərbaycan öz ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün imkanlardan istifadə edəcək", - cümə axşamı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi ordu generalı İlkər Başbuğu qəbul edən nazir bildirib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi ordu generalı İlkər Başbuğ müdafiə naziri Səfər Əbiyevin dəvətilə Azərbaycanda səfərdədir.
Nazir regionda son zamanlar baş verən hadisələrə bağlı Azərbaycan - Türkiyə əlaqələrinin daha da sıxlaşması, xüsusilə təhlükəsizlik məsələlərində səylərin birləşdirilməsinin indi daha vacib tələb kimi qarşıda durduğunu bildirib.
Trend - un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991- ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]