Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın sağ-mərkəzçi partiyasının lideri hesab edir ki, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi zamanı həmin siyasi təşkilatların prezident, parlament, eyni zamanda bələdiyyə seçkilərində əldə etdiyi nəticələri nəzərə alına bilər.
"Maliyyələşdirmə prosesinin ilkin mərhələsində partiyaların regional təmsilçiliyinin də meyar kimi götürülməsi mümkündür", - çərşənbə günü Trend -a müxalif Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov bildirib.
Trend -ın arayışı: Azərbaycanda 52 partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" Qanun 1992 - ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanunda partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulacaq.
Müxalifəti təmsil edən siyasətçilər qeydiyyatdan keçən partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edirlər. Azərbaycan hakimiyyəti isə büdcədən maliyyə vəsaiti ayrılması üçün partiyaların parlament seçkilərində iştirakının və qazandığı səslərin əsas götürülməsini təklif edir.
Onun sözlərinə görə, dünyanın bir çox parlament tipli ölkəsində maliyyələşdirmə zamanı partiyaların qanunverici orqanda təmsilçiliyi nəzərə alınır.
"Azərbaycanda məsələnin həlli hakimiyyətin istəyindən asılıdır. Məncə, partiyaların regional təmsilçiliyinin əsas götürülməsi daha məqbuldur", - Məmmədov vurğulayıb.
AMİP liderinin fikrincə, dövlət qeydiyyatından keçən hər bir partiyaya büdcədən maliyyə vəsaitinin ayrılması da mümkün variantlardan biridir. "Belə olan halda hansısa bir partiya maliyyələşmənin mütləq hissəsini özünə cəlb edə bilməyəcək", - Məmmədov deyib.
Maliyyələşmə zamanı partiya üzvlərinin sayına üstünlük verilməsinin mümkünlüyünə gəldikdə, müxalif partiyanın lideri bunu real variant hesab etmir. "Partiya üzvlərinin sayını dəqiq müəyyənləşdirmək praktiki cəhətdən mümkün deyil", - Məmmədov bildirib.
AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]