Azərbaycan, Bakı, 22 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Sarayında "məhəbbət əfsanəsi" baletinin tamaşasında olublar.
Noyabrın 21-də Bakıda, Heydər Əliyev Sarayının səhnəsində görkəmli bəstəkar, SSRİ xalq artisti, Azərbaycanın xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti göstərilib. Tamaşanı bakılılara Sankt-Peterburqun Akademik Mariya Teatrının kollektivi təqdim edib.
Üçpərdəli baletin xoreoqrafiyası SSRİ xalq artisti, SSRİ dövlət mükafatları laureatı, professor Yuri Qriqoroviçə məxsusdur. Tamaşanın rəssamı SSRİ xalq rəssamı, SSRİ dövlət mükafatları laureatı, akademik Simon Virsaladzedir. Onların təqdim etdikləri "Məhəbbət əfsanəsi", Rusiyanın xalq artisti Boris Qruzinin rəhbərliyi altında Mariya Teatrı orkestrin parlaq ifasında musiqi Məhəbbətə, onun Əbədiliyinə himn, böyük fəlsəvi mövzunu səhnəyə çıxaran əsər kimi qarşılanıb.
Prezident İlham Əliyev fasilə zamanı SSRİ-nin və Azərbaycanın xalq artisti Arif Məlikov ilə görüşüb.
İlham Əliyev və xanımı Mehriban Əliyeva Arif Məlikovu yubileyi münasibətilə təbrik ediblər.
Xalq artisti Arif Məlikov prezidentə təşəkkürünü bildirib, İlham Əliyevə və xanımına yaradıcılığı ilə bağlı disk və albom hədiyyə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]