...

ABŞ - İraq sazişi: Qalib və məğlub - Trend News - un icmalçısı

Siyasət Materials 1 Dekabr 2008 20:45 (UTC +04:00)

Trend - un Yaxın Şərq redaksiyasının analitiki Ülviyyə Sadıqova

SOFA kimi tanınan təhlükəsizlik haqqında Amerika-İraq sazişi ABŞ və Yaxın Şərqin yeni siyasi münasibətlərinin əsasını qoya bilər.

Amerikalılara regionun hərbi həyatında daha üç il iştirak etmək imkanı verən sazişi təsdiqləyən İraq parlamenti yalnız ölkənin daxili siyasətini deyil, həm də ABŞ - ın vasitəçiliyi ilə ərəb dövlətlərinin qonşu ölkələrlə xarici əlaqələrini müəyyən edib.

Bu sazişdən İraq üçün faydanı nəzərdən keçirsək, o zaman şübhəsiz ki, əksər bəndlər müsbətdir. Məsələn, milli təhlükəsizlik qüvvələrinin formalaşdırılması və amerikalılara İraqın şəhərlərində hərbi əməliyyatlar aparmağın qadağan olunması. Beləliklə, İraq hökuməti müharibənin beş ili ərzində Amerikanın iştirakına müqavimət ocaqları olmuş Kərkük, Süleymaniyyə, Bəsrə və Mosul kimi vacib şəhərləri nəzarət altına alacaq.

Əsasən, dini xarakterli radikal qruplaşmaların hökumətlə dialoqa gedəcəyi ehtimalı böyükdür. Belə ki, burada ABŞ - ın bütün müharibə ərzində görə bilmədiyi İraq milli maraqları nəzərdən keçirilir. Məsələn, ölkənin dini icmaları arasında barışığı, kürd muxtariyyətinin statusu barədə məsələnin qəti həlli.

İraq hökumətinə kürd millətinin nümayəndələri rəhbərlik etsə də, ölkənin kürd mənşəli prezidenti Cəlal Tələbani bəyan edib ki, İraqın kiçik əyalətlərə bölünməsinə yol verməyəcək.

"Bu gün kürdlər Bağdaddakı mərkəzdən ayrılmaq istəklərini bəyan etsələr, sabah bunu İraqın digər xalqları da, məsələn, türkman və aysorlar də istəyəcəklər. Beləliklə, vahid İraq olmayacaq", - İraq parlamentinin deputatı Fevzi Əkrəmoğlu Trend ­-a bildirib.

Bağdad üçün digər vacib bənd, İraq hökumətinin ölkə ərazisində cinayət törətmiş Amerika hərbçiləri və vətəndaşlarını həbs etmək hüququdur. Əvvəllər ölkənin hərbi qurumları əcnəbi vətəndaşları mühakimə etmək səlahiyyətinə malik deyildilərsə, saziş qəbul edildikdən sonra, çətin ki, amerikalılar İraq həbsxanalarına əmr etməyi bacaracaqlar. Onların Əbu - Qurey həbsxanasında iraqlı məhbuslara qarşı "demokratik" münasibəti üç il əvvəl - dünyanın kütləvi informasiya vasitələri iraqlı məhbusların ələ salındığını nümayiş etdirən videoyazıları yaydıqdan sonra məlum olub. Amerika hərbi tribunalının günahkarlara qarşı hansı qərarı çıxardığı hələ də məlum deyil.

Dünyada demokratiyanın dayağı olan ABŞ, çətin ki, beynəlxalq sənəd qəbul edildikdən sonra, bu vacib bəndi pozsun.

İraq üçün faydaları milli və müdafiə təhlükəsizlik qüvvələrinin formalaşdırılması kimi yekunlaşdırmaq olarsa, Barak Obamanın yeni administrasiyası ABŞ-ın digər xarici siyasi problemlərini sakit həll edə bilər. Son iki il göstərib ki, Corc Buş Amerikanın İraqdakı ssenarisini necə bitirəcəyini bilmir. 2003-cü ildə müharibəyə səbəb olmuş kütləvi qırğın silahını tapa bilmədilər, əvəzində, İraqda diktatura siyasəti ilə tanınan Səddam Hüseyn hakimiyyəti dövründə fəaliyyətləri dondurulmuş bütün dini hərəkatlar ayıldılar.

Aralarında ən parlağının Müqtədə Əs Sədrin "Mehdi Ordusu"nun olduğu şiə hərəkatları hakimiyyətə gəlmək üçün ölkədəki siyasi xaosdan istifadə etməyə cəhd göstərdilər - Səddamın dövründə onlar bunu yalnız arzu edə bilərdilər.

ABŞ Konqresi və Ağ Evin İraqdakı hərbi kampaniya ətrafında siyasətdə fikir ayrılıqları yazda senatorların əksəriyyəti İraqdakı amerikalı hərbçilər üçün əlavə maliyyə vəsaitləri ayırmaqdan, əlavə hərbi kontingent göndərməkdən imtina edəndə xüsusilə aydın görünüb.

Bu arada İraqdakı şiələri dəstəkləyən və onlara sponsorluq edən Tehranla fikir ayrılıqları güclənir və bununla əlaqədar, Buş beş illik müharibə dövrü ərzində yeganə düzgün addımı atır - bütün tərəflərin maraqlarını nəzərə almaqla, təhlükəsizlik haqqında saziş təklif edir: İraq milli hökumət qazanır, ABŞ isə sonuncu hərbi və maliyyə ehtiyatlarını saxlayaraq, Yaxın Şərqdəki siyasi oyundan yarısalamat çıxır.

Lakin  bu sazişdən yalnız Bağdad və Vaşinqton üçün deyil, həm də bütün Yaxın Şərq üçün ümumi faydanı nəzərdən keçirsək, o zaman ən vacib bənd, qonşu dövlətlərə hücum üçün İraq ərazisindən Amerikanın plasdarmı qismində istifadə edilməməsidir. Tehranın bu məsələyə təsiri dərhal görünür. Yaxın Şərq nefti üzərində daimi nəzarət istəyən İran, iraqlı şiələrə maddi yardım göstərərək, İraqdakı müharibəni özünə lazım olan axara yönəltməyi qərara alıb. Vaşinqton və Tehranın İranın nüvə proqramı ətrafında münaqişəsi regionda yeni müharibəyə çevrilmək üzrədir ki, ABŞ - ın belə bir müharibəyə, sadəcə, gücü çatmayacaq. Yəni, hücum etməyə yer var - bu, qonşu İraqdır, lakin müharibəyə aparmaq üçün bir şey yoxdur. Yaxın Şərqdə lider ərəb dövləti mövqeyini tutmaq istəyən Dəməşqin antiamerika reaksiyası bu bəndin daxil edilməsinə daha çox təsir göstərib. Suriyanın daim nümayiş etdirdiyi İranla möhkəm əlaqələr, Dəməşqin amerikalıların yeni hərbi hücumlarına müqavimət göstərməyə hazır olması barədə ABŞ-a işarədir.

Bununla əlaqədar olaraq, İraq ərazilərindən amerikalıların düşmənləri - Suriya və İraqa hücum üçün istifadə etməmək barədə bənd, şübhəsiz, ABŞ-ın maraqlarına zərbədir. Bu o deməkdir ki, Vaşinqton əvvəl diplomatik səviyyədə İran və Suriyanın öhdəsindən gəlməli, sonra hərbi əməliyyatlara əl atmalıdır. Buna baxmayaraq, İraqdakı uğursuz müharibənin və Əfqanıstandakı müvəffəqiyyətsizliklərin acı təcrübəsini dadmış Vaşinqtona  Yaxın Şərqdə digər münaqişəni başlamaq çətin olacaq.

Bağdad və Vaşinqtonun susduğu iki məsələ İraq nefti və İraqın hərbi-hava məkanına nəzarətdir.

İraq HHQ-ni idarə etmək hüququnun kimə keçəcəyi, dünyada təsdiq edilmiş neft ehtiyatlarının həcminə görə dünyada üçüncü yeri tutan (BP - nin məlumatlarına görə, neftin həcmi 115 mlrd. barel təşkil edir ki, bu da Səudiyyə Ərəbistanı və İrandan sonra dünya ehtiyatlarının 9,3 faizinə bərabərdir) ölkənin neft siyasətini kimin idarə edəcəyi hələ də qaranlıq qalır.

Zəngin "qara qızıl" ehtiyatlarına baxmayaraq, İraq heç zaman onun satışından əldə edilən gəlirdən həzz ala bilməyib. Amerikanın hərbi işğalınadək İraq neftinə beynəlxalq embarqo qoyulmuşdu və beləliklə də, ölkə neftini beynəlxalq bazara çıxara bilmirdi. Müharibə İraqın cansız neft sektorunu tam dağıtdı, lakin hazırki dünya maliyyə və enerji böhranını nəzərə alaraq, İraq neftinin ixracı hüququ çox cəlbedicidir. ABŞ- ın İraq nefti üzərində nəzarətdən belə tez imtina edəcəyi və onu Bağdada verəcəyi ağlabatan deyil. İstisna edilmir ki, bu məsələyə ABŞ - ın yaxın müttəfiqi - Avropa İttifaqı da qoşula bilər. Avropanın Britaniya - Hollandiya RD/Shell şirkəti, Britaniyanın BP, Norveçin Statoil kimi iri neft nəhəngləri cari ilin yayında 2010-cu ilə - amerikalılar ölkədə olanadək İraqda öz ofislərini açmaq istəyini bəyan ediblər.  İraq hökumətinin təsiri barədə hələ heç bir şey söylənilmir.

Beləliklə, təhlükəsizlik haqqında bu vacib strateji sənədin İraq xalqı üçün faydasını görmək üçün, onun qəbulundan, ən azı, iki il keçməlidir. Onun dinc iraqlıların qətlini dayandırmağı, kütləvi işsizlik problemini həll etməyi, dini qarşıdurmanı dayandırmağı, İraqa beynəlxalq prestiji qaytarmağa  kömək etməyi, ABŞ - ın daimi nəzarətindən çıxmağı bacarıb - bacara bilməyəcəyini yalnız Bağdadın sirli siyasəti və Obamanın çoxdan gözlənilən vədlərinin icrası göstərəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti