...

Azərbaycanın parlament sədri prezidentin səlahiyyət müddəti ilə bağlı məsələnin araşdırılması tapşırığını verib

Siyasət Materials 16 Dekabr 2008 13:37 (UTC +04:00)
Azərbaycanın parlament sədri prezidentin səlahiyyət müddəti ilə bağlı məsələnin araşdırılması tapşırığını verib

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin sədri çərşənbə axşamı keçirilən iclasda, ölkədə bir şəxsin iki dəfədən artıq prezident seçilməsinə tətbiq olunan məhdudiyyətin aradan qaldırılması üçün referendum keçirilməsi məsələsini parlamentin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasıının araşdıracağını bildirib.

"Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası referendum keçirilməsi üçün təklifi araşdırsın və növbəti iclasda məsələyə baxılsın", - çərşənbə axşamı keçirilən iclasda spiker Oqtay Əsədov bildirib.

Trend - un arayışı: Azərbaycan Konstitusiyasının 101 - ci maddəsinin 5 - ci bəndinə əsasən, heç kəs iki dəfədən artıq təkrar prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti beş ildir.

Azərbaycanın hakim partiyasının sədr müavini parlamentin bu günkü iclasında Konstitusiyada prezidentin səlahiyyət müddəti ilə bağlı maddənin dəyişdirilməsi barədə məsələnin referenduma çıxarılması təklifi ilə çıxış edib.

"Bir şəxsin iki dəfədən artıq prezidentliyə seçilməsinə məhdudiyyətin qoyulması vətəndaşların seçmək hüququnu məhdudlaşdırır", - hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Konstitusiyada prezidentin səlahiyyət müddəti ilə bağlı maddənin dəyişdirilməsi məsələsinin referenduma çıxarılmasını istisna etmir.

"Azərbaycanda demokratik cəmiyyət formalaşır və ayrı - ayrı fikirlərin, təşəbbüslərin, o cümlədən dövlət institutlarının fəaliyyət prinsipləri ilə bağlı yeni yanaşmalar və rəylərin səslənməsi vətəndaş cəmiyyətinin ayrılmaz amili olan söz və fikir azadlığının tərkib hissəsidir", - noyabrın əvvəllərində Trend - a eksklüziv müsahibəsində Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

"Konstitusiyanın bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddəsi demokratik prinsiplərə uyğun deyil və demokratiyanı məhdudlaşdırır", -daha əvvəl Trend - a YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Spiker qeyd edib ki, müxalifəti təmsil edən deputatlar İlyas İsmaylov və Qüdrət Həsənquliyev də Konstitusiya islahatı ilə bağlı layihə hazırlayıblar. Əsədov Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasına həmin layihələri də öyrənməyi tapşırıb.

Deputat Həvva Məmmədova bildirib ki, bir şəxsin iki dəfədən artıq prezident seçilməsnə tətbiq olunan məhdudiyyətin ləğv olunması üçün referendum keçirilməsi xalqın tələbidir. O qeyd edib ki, ona görə də, məhdudiyyət Konstitusiyadan çıxarılmalıdır. Deputatlar Hüseynbala Mirələmov, Zahid Oruc, Qənirə Paşayeva da təklifi dəstəkləyiblər.

Müxalifəti təmsil edən Musavat deputat qrupunun üzvü Arzu Səmədbəyli bildirib ki, məhdudiyyətin ləğv olunması üçün referendum keçirilməsi hazırda aktual deyil.

"Bu təklif ölkədəki vəziyyətdən diqqəti yayındırmağa xidmət edir, ya da ki, hakimiyyətdəki hansısa qruplaşmalar gələcək talelərindən narahatdırlar, ona görə də belə təklif irəli sürurlər, amma bu təklif demokratik deyil", - deyə o əlavə edib.

Müxalifəti təmsil edən Vətəndaş Həmrəyliyi Partiyasınının sədri, deputat Sabir Rüstəmxanlı bildirib ki, Azərbaycanda prezident seçkiləri bu il keçirilib. Ona görə də Konstitusiyada dəyişiklik edilməsi üçün referendum keçirilməsində tələsməyə ehtiyac yoxdur. 2010 - cü ilin parlament seçkiləri zamanı referendum keçirilməsi məsələsinə də baxmaq olar.

YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib ki, bu təklif cəmiyyətin sifarişidir.

"Bunun əleyhinə olan müəyyən dairələr var, onlar bundan narahatdırlar. Bu məsələ ilə bağlı təkliflərə xalq münasibət birdilməlidir. Ona görə də, Konstitusiyada dəyişiklik məsələsinə baxmalıyıq və bu məsələ parlamentdə müzakirəyə çıxarılmalıdır", - Qurbanlı əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti