...

KADRDA: Litva Azərbaycanı Cənubi Qafqazda sabitlik adası kimi görür – səfir (video)

Siyasət Materials 18 Dekabr 2008 22:02 (UTC +04:00)
KADRDA: Litva Azərbaycanı Cənubi Qafqazda sabitlik adası kimi görür – səfir (video)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir N.Abdullayeva/

Trend -un Litvanın Azərbaycandakı səfiri Kyastutis Kudzamanasla müsahibəsi

- Azərbaycan və Litva arasında siyasi, iqtisadi və mədəni münasibətlərin hazırki vəziyyətini necə qiymətləndirirsiniz?

- Son iki ildə Litva və Azərbaycan arasında çox intensiv siyasi dialoq aparılır. Ölkə prezidentlərinin qarşılıqlı səfərləri buna dəlalət edir. Azərbaycan prezidenti İlham Əliyev iki dəfə Litvaya, Litva prezidenti Valdas Adamkus bir neçə dəfə Azərbaycana səfər edib.

Yüksək səviyyədə səfərlər zamanı arasında iqtisadi və siyasi əməkdaşlıq haqqında 10 - dan çox idarələrarası Litva- Azərbaycan  sənədi imzalanıb. Bizim iş adamlarımız sizin bazarlarda daha fəal olublar. İl yarım əvvəl Azərbaycanda səfir qismində fəaliyyətimin əvvəlində Azərbaycan bazarında 10 - dək Litva şirkəti çalışırdısa, indi bu rəqəm 200 - dən çoxdur. Sizin sahibkarlar da Litvanın bazarlarını çox uğurlu hesab edirlər.

- İkitərəfli əməkdaşlığın inkişafı üçün hansı addımları atmaz lazımdır və yeni ildə prioritetlər necədir? Litva "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycanın Avropa İttifaqına inteqrasiyasına necə yardım göstərə bilər ? Azərbaycan Litvadan hansı təcrübəni mənimsəyə bilər?

- Yaxın vaxtlarda daha konkret əməkdaşlığa keçmək lazımdır. Litva Azərbaycana çox şey təklif edə bilər. Hər şeydən əvvəl, Litvanın Avropa İttifaqı, NATO və Ümumdünya Ticarət Təşkilatına daxil olduğu zaman topladığı təcrübəni. Hüquqlarımızın, standartlarımızın rəsmiləşdirilməsi, kadrların ixtisasartırma prosesləri... bizim təcrübəmiz indi Azərbaycan üçün bu sahələrdə və ölkənin Avropa İttifaqına inteqrasiyası proseslərinin sürətləndirilməsində faydalı ola bilər.

Litva çox uğurla öz təcrübəsini bölüşür və müxtəlif sahələrdən, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmətindən olan  azərbaycanlı mütəxəssislər Litvada təlim keçirlər. Litvanın gömrüyü Avropada ən nümunəvidir və biz bu sahədə öz təcrübəmizi Azərbaycana təklif edə bilərik.  

Litva Avropa İttifaqı və Azərbaycan arasında "Tvininq" proqramlarında iştirakda, qanunvericiliyin və sənədləşdirmənin beynəlxalq standartlara unifikasiyasında iştirakda maraqlıdır və bu proqram çərçivəsində öz təcrübəsini Azərbaycana verəcək. Bütün bunlar Avropa İttifaqının "Şərq tərəfdaşlığı" çərçivəsində Azərbaycanla əməkdaşlığına əlavə stimul verə bilər.

Litva Azərbaycanın simasında Cənubi Qafqazda sabitlik adası görür. Əlbəttə, biz Dağlıq Qarabağla, Gürcüstandakı son hadisələrlə bağlı problemlərdən xəbərdarıq. Ermənistanın əl - qolu bağlanılıb, o, təcriddə qalıb və bütün Qafqaz gərginlikdədir. Bu "dondurulmuş münaqişələr" nəinki regiona, həm də dolayısı ilə Avropa İttifaqına təsir göstərir. Litva təhlükəsizlik zonasının genişləndirilməsində və bu münaqişələrin həllində maraqlıdır. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunacaq. Məhz Azərbaycan regionda praqmatik siyasətdə sabitlik nümunəsidir. Bu siyasət enerji axınlarının təhlükəsizliyi ilə bağlı müsbət nəticələr verir. Karbohidrogenlərin Xəzər regionundan Avropa bazarlarına tranziti üçün yeni marşrutlar regionun təhlükəsizliyi ilə sıx bağlıdır və Avropa bu işdə həm Cənubi Qafqaz, həm də Xəzər regionunda təhlükəsizliyin artırılmasına öz töhfəsini verməlidir.

- Litva noyabrda keçirilmiş Enerji Sammitinin yekunları üzrə karbohidrogen ehtiyatlarının Xəzər regionundan beynəlxalq bazarlara nəqli üçün Avro-Asiya dəhlizinin yaradılmasını nəzərdə tutan Bakı Bəyannaməsini imzalayıb. Bu prosesdə Litvaya hansı rol ayrılır?

- Litva Avropa İttifaqının vahid enerji siyasətinin təşəbbüsçülərindən biridir. Avropa İttifaqı enerji ehtiyatlarının Avropaya ixracının yeni marşrutlarının diversifikasiyasının genişləndirilməsində maraqlıdır. Azərbaycan yalnız Litvanın deyil, bütün Avropa İttifaqının enerji təhlükəsizliyini artıra biləcək çox ciddi ixracatçılardan biri ola bilər. Biz Azərbaycana, onun gələcəyinə böyük perspektivlə baxırıq. Bakı - Tbilisi - Ceyhan, Bakı -Tbilisi - Ərzurum layihələri, həmçinin "Nabukko" layihəsi öz bəhrəsini verəcək. Azərbaycan Avropa bazarlarına yeni TransXəzər dəhlizlərinin açılmasına böyük səylər göstərir.

Hətta Azərbaycan neftinin və qazının Litvaya birbaşa nəqli olmasa da, onlar Avropa bazarlarına daxil olacaq və Avropadakı enerji boşluğu azalacaq. Azərbaycan Avropa İttifaqı bazarlarına alternativ qaz və neftin iri tədarükçüsü olsa, bizə yeganə tədarükçümüz  Rusiya ilə ümumi dil tapmaq asan olacaq.. Azərbaycan neftinin Litva bazarlarına tədarükünün real perspektivləri mövcuddur. Litva ildə təxminən 12 mln. ton neft istehlak edir. Rusiya neftini,  əsasən, Primorskdan alırıq. Lakin biz eyni uğurla Xəzər neftini də qəbul edə bilərik.

- Litva iqtisadiyyatın daha hansı sahələrində əməkdaşlıqda maraqlıdır?

- Energetika Azərbaycan-Litva əməkdaşlığında yeganə amil deyil . Son zamanlar Litva və Azərbaycan əməkdaşlıq üçün bir çox sektorlar tapırlar. Litvada tullantıların emalının realizəsi və ətraf mühitin mühazifəsi səviyyəsi çox yüksəkdir. Litva ekoloqları Azərbaycanın çirklənmiş ərazilərinin təmizlənməsi və qəsəbələrdə təmizləyici qurğuların tikilməsi üçün öz təcrübələrini verə bilərlər. Ölkəmiz bu sahədə Avropada liderdir.

Tibb sahəsində əməkdaşlıq çox maraqlı ola bilər. Litva kardiocərrahiyyədə liderdir. Bizim həkimlər Azrbaycan mütəxəssislərinin ixtisasının artırılmasına kömək edə bilərdilər. Bizim ana və uşağın sağlamlığının mühafizəsi məsələləri üzrə, kardiocərrahiyyə və orta tibbi personalın ixtisasının arıtırılması sahəsində bəzi layihələrimiz var. Biz bu layihələri nəzərdən keçirilmək üçün Azərbaycan tərəfinə göndərmişik və indi cavab gözləyirik.

Litvanın dünya brendləri var. O, bəzi texniki sahələrdə çox yaxşı imic saxlayıb. Və Avropa İttifaqı şəraitində  daha çox inkişaf edib. Dünyada Litvanın tanınmış süd məhsulları var. İndiyədək məişət texnikası, soyuducular və televizorlar istehsal edirik. Bütün bunlar Azərbaycan bazarında yer tapa bilər. Biz Azərbaycana mebel tədarükündə maraqlıyıq. Litva hər il milyard dollarlıq mebel istehal edir və onu Böyük Britaniya və Avropa İttifaqı ölkələrinin bazarlarına göndəririk.

Turizm əməkdaşlığın ayrıca sektoru kimi nəzərdən keçirilə bilər. Bizim dünya əhəmiyyətli kurort və sanatoriyalarımız var və burada Azərbaycan vətəndaşlarını qəbul etməyə şad olacaqlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti