...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası referendumun keçirilməsi ilə bağlı əlavə təlimatlar qəbul edəcək

Siyasət Materials 27 Dekabr 2008 12:53 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası referendumun keçirilməsi ilə bağlı əlavə təlimatlar qəbul edəcək

Azərbaycan, Bakı, 27 dekabr / Trend , müxbir C.Babayeva/  Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi üzrə referendumun keçirilməsi ilə bağlı əlavə təlimatlar qəbul edəcək.

"Referendumla bağlı normativ bazanın yaradılması üzrə Mərkəzi Seçki Komissiyası üzərinə düşən vəzifəni yerinə yetirəcək. Komissiya tərəfindən qəbul olunmuş təlimatlar referendum münasibətlərini tənzimləyir, amma bəzi təlimatların əlavə olaraq qəbul edilməsinə zərurət var,"- deyə MSK-nın katibi Natiq Məmmədov şənbə günü Trend - a bildirib.

Trend - un arayışı:  Azərbaycan Parlamenti cümə günü keçirilən iclasında Konstitutsiyaya əlavələr və dəyişikliklər edilməsi ilə bağlı referendumun martın 18 - də keçirilməsi barədə qərar qəbul edib.

Layihədə bir şəxsin iki dəfədən artıq ölkə prezidenti vəzifəsinə seçilməsini məhdudlaşdıran 101-ci maddənin 5 - ci bəndi Konstitusiyadan çıxarılıb.

Bu bəndə əsasən, heç kəs iki dəfədən artıq təkrar Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

Həmin maddəyə ölkə müharibə şəraitində olduğu təqdirdə, prezident seçkilərinin keçirilməsi müddətinin uzadılmasını nəzərdə tutan bənd daxil edilib.

Konstitusiya digər dəyişikliklər eks-prezidentin hüquqları və statusu; Milli Bankın Mərkəzi Bank, Prezidentin İcra Aparatının Prezident Administrasiyası adlandrılması və s. ilə bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə daxil edilə bilər (Maddə 152). AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya prezident tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Azərbaycan Konstitusiyası 1995 - ci ildə referendum yolu ilə qəbul olunub, 2002 -ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Məmmədov deyib ki, referendumla bağli təbliğata səsvermə gününə 28 gün qalmış start veriləcək . "Mübarizə aparan tərəflər referendum üzrə təşəbbüs qrupları, sonra isə, təbliğat qrupları olacaq. Vətəndaşların bu və ya digər məsələnin ya müdafiəsi, ya da müdafiə olunmamasına dair qruplar yaradıb, bu istiqamətdə fəaliyyət göstərə bilərlər", - deyə MSK katibi bildirib.

Onun sözlərinə görə, referendum aktı ilə bağlı seçicilər  artıq məlumat əldə etsələr də,  Mərkəzi Seçki Komissiyası həmin aktın vətəndaşlara paylanması istiqamətində tədbirlərin həyata keçirməyi düşünür. "İlk növbədə aktın seçicilərə paylanması məsələsi olacaq. Seçicilər referendum aktını səsvermə gününə bir ay qalmış məntəqə seçki komissiyalarından da əldə edəcəklər. Kütləvi informasiya vasitələrinin  də bu istiqamətdə  Mərkəzi Seçki Komissiyasına kömək edəcəyi gözlənilir", - deyə Məmmədov bildirib.

MSK katibi referendumun yerli və beynəlxalq, siyasi partiyalar, bloklar və seçkiləri müşahidə etmiş qrupların eyni qaydada müşahidə etmək hüququna malik olacağını deyib.

Məmmədov referendumun nəticələrinin səsvermə günündən 20-25 gün sonra rəsmən elan olunub, dərc ediləcəyini bildirib.     

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti