...

Vaşinqton Ankara ilə strateji müttəfiqliyi möhkəmləndirməyə ehtiyac duyur

Siyasət Materials 19 Fevral 2009 10:41 (UTC +04:00)
Vaşinqton Ankara ilə strateji müttəfiqliyi möhkəmləndirməyə ehtiyac duyur

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir B.Həsənov/ ABŞ-da Türkiyənin xarici siyasət kursunu dəyişəcəyi ilə bağlı ciddi narahatlıq olmasa da, Vaşinqton Ankara ilə strateji müttəfiqliyi möhkəmləndirməyə ehtiyac duyur .

"ABŞ Türkiyə ilə son illərdə yaranan siyasi soyuqluğu aradan qaldıraraq, bu ölkə ilə ənənəvi strateji müttəfiqliyini möhkəmləndirməyə çalışır", - deyə Türkiyənin İşık Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Bülent Aras çərşənbə günü telefonla İstanbuldan Trend -a bildirib.

ABŞ prezidenti Barak Obama bazar ertəsi Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə mətbuatı məlumat verib. Obama telefon danışığında Türkiyə-ABŞ əlaqələrini birgə strateji maraqlar və NATO çərçivəsində daha səmərəli şəkildə inkişaf etdirmək istədiyini vurğulayıb.

Türkiyə-ABŞ əlaqələri, əsasən II Dunya Müharibəsindən sonra yaranıb. Soyuq müharibə illərindəTürkiyə Sovet İttifaqının və sosializm blokunun Qərbə yayılmasına qarşı ABŞ-ın ən onəmli muttəfiqlərindən biri olub. Bu çərçivədə ABŞ soyuq müharibə illərində Turkiyəyə iqtisadi və hərbi yardimlar etdi. Turkiyə isə bunun əvəzində 1950-1953-cü illərdə Silahlı Qüvvələri ilə Qərb blokunun tərkibində Koreya müharibəsində iştirak etdi. Türkiyə 1952-ci ildə Amerikanın başçılıq etdiyi Qərb blokunun hərbi qanadı olan NATO-ya daxil oldu və 1954-cü ildə ABŞ-a Türkiyə ərazisində "İncirlik" hərbi bazasını qurmağa icazə verdi. Bu baza soyuq müharibədə, I korfəz müharibəsi və İraq müharibəsində önəmli rol oynadı. 1980-1990-cı illər arasında Türkiyə-ABŞ əlaqələri yüksələn xəttlə inkişaf etdi və 1991-ci ildə I körfəz müharibəsində Türkiyə ABŞ-a güclü dəstək verdi. Lakin 2003-cü ildə İraqa hərbi müdaxilə etmək üçün Turkiyə ərazisindən istifadə etmək istəyən ABŞ-ın Türkiyədən rədd cavabı alması iki olkə arasında siyasi əlaqələrin ciddi şəkildə gərginləşməsinə səbəb oldu.

Son illərdə Türkiyə həm Rusiya ilə iqtisadi və siyasi əlaqələrini yüksələn xəttlə inkişaf etdirir, həm də Yaxın Şərqdə müstəqil siyasət yürütməyə çalışır. Belə bir xarici siyasət kursu Ankaranın NATO üzvlüyü və Vaşinqtonun strateji müttəfiqi olması statusundan uzaqlaşması kimi şərh edilir. Xüsusilə Qəzzədə baş verən son hadisələrdə Ankaranın ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan İsrailə qarşı sərt mövqe nümayiş etdirməsi və keçən həftə Abdullah Gülün Moskvaya rəsmi səfəri zamanı iki ölkənin yaxın tərəfdaşlığını əks etdirən bəyannamə imzalanması bu uzaqlaşmanın bariz nümunəsi kimi göstərilir.

Avropalı ekspert Magnus Karaveli hesab edir ki, Türkiyənin xarici siyasət kursunun istiqaməti ilə bağlı Vaşinqtonda müəyyən narahatlıqlar olsa da, Obamanın Gül və Ərdoğan ilə telefon danışığında dediklərini tamamən bu narahatlıqlarla əlaqələndirmək olmaz. Karavelinin fikrincə, prezidentlik vəzifəsinə yeni başlamış Obamanın ABŞ üçün önəmli olan bir ölkəyə zəng edib strateji müttəfiqliyi xatırlatması təbii qarşılanmalıdır. "Obama Ankaraya "siz bizim üçün əhəmiyyətlisiniz" mesajını çatdırmaq istəyib", - deyə Orta Asiya-Qafqaz İnstitutunun və İpək Yolu Araşdırmaları Proqramı Birgə Mərkəzinin (Central Asia-Caucasus Institute & Silk Road Studies Program Joint Center) aparıcı tədqiqatçısı və "Turkey Analyst" jurnalının baş redaktoru (Managing Editor) Magnus Karaveli çərşənbə günü İstanbuldan telefonla Trend -a bildirib.

Türkiyəli ekspert Aras hesab edir ki, ABŞ NATO-nu yenidən fəal bir təşkilat vəziyyətinə gətirmək istəyir və buna görə də bu təşkilatda ikinci böyük orduya sahib olan Türkiyə Vaşinqton üçün böyük əhəmiyyət kəsb edir. "Xüsusilə Əfqanıstanda silahlı qüvvələrin sayını artırmağı düşünən Obama administrasiyasının bunu NATO çərçivəsində həyata keçirmək istəməsi və Türkiyə ilə də bu məsələdə fəal tərəfdaşlıq etməyi planlaşdırması mümkündür", - deyə Aras əlavə edib.

ABŞ-dakı Alman Marşal Fondu (German Marshall Fund) adlı araşdırma mərkəzinin Türkiyə ofisinin direktoru Özgür Ünlühisarcıklı (Ozgur Unluhisarcikli) hesab edir ki, Obama Avropadakı müttəfiqləri ilə birgə işləmək istəyir və bu çəçivədə onun transatlantik müttəfiqləri ilə əlaqə yaratmasını təbii gormək lazımdır. "Burada bir məqam çox önəmlidir: Obama Türkiyəni Yaxın Şərqli bir muttəfiq kimi yox, bir transatlantik tərəfdaş kimi görür və bu çərçivədə transatlantik əməkdaşlığa çok böyuk əhəmiyyət verir", -deyə Ünlühisarcıklı çərşənbə günü Ankaradan telefonla Trend -a bildirib.

İki dövlət arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə ABŞ prezidenti Obamanın yaxın zamanda Türkiyəyə rəsmi səfər edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti