Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir Ü.Sadıqova/ İsrail danışıqlar prosesində nümayəndəsinin dəyişməsinə baxmayaraq, Fələstinin HƏMAS hərəkatı ilə danışıqları əvvəlki şərtlərlə davam etdirəcək. Bu barədə İsrail hökumətinin nümayəndəsi Mark Reqev bildirib.
"Danışıqlar prosesində İsrailin mövqeyi hökumət tərəfindən müəyyən olunur, - deyə Trend -a Qüdsdən telefonla Reqev bildirib, - Buna görə də İsrail Qahirədə yeni nümayəndəsi təyin olunan kimi (HƏMAS ilə) danışıqları əvvəlki şərtlər ilə davam etdirəcək".
Reqev HƏMAS ilə danışıqlarda İsrailin gələcək nümayəndəsinin adını açıqlamağın tez olduğunu hesab edir.
Vesti-nin İsrail KİV-nə istinadən verdiyi xəbərə görə, İsrailin müdafiə nazirinin köməkçisi və Qəzza Zolağında barışığın bərpa olunması üzrə HƏMAS ilə danışıqlarda nümayəndəsi Amos Qilad bazar ertəsi vəzifəsindən kənarlaşdırılıb. Məmur, İsrail çavuşu Qilad Şalitin azad edilməsi məsələsində İsrailin mövqeyini tənqid etməsindən sonra baş nazir Exud Olmetrin tələbi ilə səlahiyətlərindən məhrum edilib.
Reqevin sözlərinə görə, 2006-cı ilin yayında HƏMAS-ın əsir götürdüyü Şalitin azad edilməsi HƏMAS ilə barışığın əsas bəndi olaraq qalmaqdadır.
Ötən həftə İsrail hökumətinin rəhbəri Olmetr bildirib ki, İsrail, ölkənin Qəzza ilə sərhədləri açmasının müqabilində Şalit azad olunmayınca sülh danışıqlarına getməyəcək.
HƏMAS və uzunmüddətli müqavilə üzrə danışıqların aparılmasında vasitəçi kimi çıxış edən Misir liderləri İsralin mövqeyindən narazılıqlarını bildiriblər, çünki əvvəllər Şalitin azad edilməsi məsələsinin digər danışıqların mövzusu olduğu güman olunurdu.
Qilad İsrailin "Maariv" qəzetinə müsahibəsində bildirib ki, İsrailin mövqeyini dəyişməsi Misir ilə münasibətlərə xələl gətirir və barışığı mümkünsüz edir.
İsrail ilə Fələstin qruplaşması arasında sonuncu sülh sazişinin müddəti ötən ilin dekabr ayının sonunda başa çatıb. HƏMAS İsrail ilə barışığın müddətinin uzadılmasından imtina edib və anklava ilə sərhədlərin bağlanmasına cavab olaraq ölkənin cənubuna atəş açıb. İsrail isə buna cavab olaraq Qəzzada 22 gün davam edən və nəticədə 1300 fələstinlinin ölümünə səbəb olan hava və qurudan hərbi əməliyyatlara başlayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]