...

Türkiyənin siyasi partiyalarında müşahidə olunan yeni tendensiyalar gələcəkdə iqtidardakı siyasi balansı dəyişə bilər

Siyasət Materials 2 Mart 2009 10:42 (UTC +04:00)
Türkiyənin siyasi partiyalarında müşahidə olunan yeni tendensiyalar gələcəkdə iqtidardakı siyasi balansı dəyişə bilər

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir B.Həsənov / Martda keçiriləcək bələdiyyə seçkilərində ciddi sürprizlər gözlənilməsə də, siyasi partiyaların hazırkı seçki kapmaniyasında istifadə etdikləri strategiyalarda dəyişiklik olmazsa gələcəkdə Türkiyə iqtidarında siyasi balans dəyişə bilər. 

"Türkiyədə müxalifətdə olan böyük siyasi partiyalar mart seçkilərinə hazırlıqları zamanı mənimsədikləri strategiyanı davam etdirərlərsə, gələcək seçkilərdə seçicilərin xeyli hissəsinin inamını qazana bilərlər", - deyə Türkiyəli ekspert Tanju Tosun şənbə günü İzmirdən telefonla Trend -a bildirib.

Martın 29-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək. Türkiyədə şəhər, qəsəbə, kənd və digər inzibati ərazilərin idarəetməsində əsas rolu bələdiyyələr oynadığından bu ölkədə bələdiyyə seçkiləri böyük əhəmiyyət daşıyır. Ölkədəki sosial gücünü göstərmələri baxımından bələdiyyə seçkiləri siyasi partiyalar üçün yaxşı fürsət kimi qiymətləndirilir və seçkilərə ciddi hazırlıqlar gedir. Siyasi partiyalar daha çox seçici qazanmaq üçün müxtəlif seçki strategiyalarından istifadə edirlər. İndiyə qədər dünyəviliyi əsas prinsip kimi ön plana çıxardan və hicablı qadınların dövlət müəssisələrində işləməsinin və təhsil almasının qətiyyətlə əleyhinə çıxan ən böyük müxalifət partiyası CHP (Cumhuriyyet Halk Partisi), son dövrlərdə hicablı və çadralı qadınların partiyaya qəbul mərasimlərini keçirir. Bundan başqa, CHP-nin bəzi bələdiyyə başçısı namizədləri seçiləcəkləri təqdirdə hər məhəllədə bir "Quran" kursu açmağa söz verirlər. İkinci böyük müxalifət partiyası olan MHP (Milliyetci Herekat Partisi) isə seçki kampaniyasında ənənəvi millətçilik şüarlarından çox, sosial xidmət və layihəllər üzərində daha çox dayanırlar. Eyni zamanda, MHP-nin böyük şəhərlərin bələdiyyə başçılığına irəli sürdüyü namizədlər, əsasən mötədil siyasi xəttə üstünlük verən şəxslərdir. Hakim partiya AKP (Adalet və İnkişaf Partisi) isə etnik azlıqların, əsasən də kürd əsilli vətəndaşların rəğbətini qazanmağa çalışır. Hökumətin kürd dilində televiziya kanalı açması və kürdlərin böyük rəğbət bəslədikləri və vaxtilə siyasi səbəblərdən Türkiyədən Avropaya mühacirət etmək məcburiyyətində qalan Ahmet Kayanın qəbrinin ölkəyə gətirilməsilə bağlı təşəbbüslə çıxış etməsi, AKP-nin yeni seçki strategiyası kimi qiymətləndirilir. Digər tərədfən sosial yardımları artırması AKP-nin qlobal iqtisadi böhrandan əziyyət çəkən xalq kütlələrinin iqtidardan narazılıqlarını minumuma endirmək cəhdi kimi dəyərləndirilir.

Tosun hesab edir ki, siyasi partiyaların yeni strategiyaları 29 mart seçkilərində onların ənənəvi seçici kütləsində ciddi dəyişikliklərə səbəb olmayacaq. Sonuncu dəfə, 22 iyul 2007-ci ildə keçirilən parlament seçkilərində AKP 47 %, CHP 21 %, MHP isə 14 % səs toplamışdı. Ekspertin fikrincə, hakim partiya - AKP ölkənin cənub-şərqində yaşayan kürdlərə bundan əvvəlki seçkilərdə iqtisadi vəziyyətin yaxşılaşacağı ilə bağlı verdiyi vədlərə lazımi qədər əməl etməyib və buna görə də hakim partiyanın buradakı kürdlərdən səs alma ümidi boşa çıxacaq. Tosun, CHP-nin hazırda izlədiyi strategiyanın da 29 mart seçkilərində partiyaya əlavə səs qazandırmayacağını, lakin CHP mühafizəkar, dindar təbəqəyə ünvanlanmış strategiyasını gələcəkdə də davam etdirərsə, bu təbəqənin inamını qazanaraq növbəti seçkilərdə onların səslərini ala biləcəyini bildirib. "Hələlik, CHP-nin izlədiyi seçki strategiyası mühafizəkar təbəqə tərəfindən süni və sadəcə indiki seçkidə səs almaq naminə atılan addımlar kimi qiymətləndirilir. CHP xalq kütlələrini inandırmaq üçün 29 mart seçkilərindən sonra da indiki strategiyasını davam etdirməlidir", - deyə Tosun bildirib.

Ekspert hesab edir ki, hazırkı seçki kampaniyasında ən praqmatik və ağıllı strategiyanı MHP seçib. "Ənənəvi olaraq millətçi şüarlarla çıxış edən MHP, bu şüarların aktuallığını gücləndirən PKK terrorunun minumuma düşdüyü indiki vəziyyətdə daha çox sosial xidmət və layihələri ön plana çıxardaraq həm öz seçici kütləsini mühafizə etməyə, həm də mötədilliyi ilə seçilən AKP seçicilərinin səsini qazanmağa çalışır",- deyə Tosun əlavə edib.
Avropalı ekspert Magnus Karaveli isə hesab edir ki, MHP-nin hazırkı seçki strategiyası 29 mart seçkilərində bu partiyaya o qədər də kömək edə bilməyəcək. Lakin ekspertin fikrincə, MHP bu strategiyanı davam etdirərsə, gələcək seçkilərdə müxtəlif səbəblərə görə, AKP-dən narazı qalan seçici kütlələrini cəlb edə bilər.

Karaveli, CHP-nin strategiyasının isə nə indiki seçkilərdə, nə də sonrakı seçkilərdə bu partiyaya səs qazandıracağını inandırıcı hesab etmir. "CHP ənənəvi olaraq mühafizəkar istiqamətli bir partiya olmadığı halda indi mühafizəkar, dindar təbəqəni özünə cəlb etmək istəyir. Lakin bu təbəqə əvvəllər səs verdiyi AKP-nin siyasətindən narazı qalsa, CHP-yə yox, başqa bir ənənəvi mühafizəkar partiyaya yönələcək", - deyə Stokholmda çıxan "Turkey Analyst" jurnalının baş redaktoru Karaveli şənbə günü Stokholmdan telefonla Tren News-a bildirib.

Karavelinin fikrincə, AKP 2007-ci ilin 22 iyulunda keçirilən seçkilərdə aldığı səs faizini qoruyub saxlaya biləcək. Ekspert hesab edir ki, iqtisadi böhran da AKP-nin toplayacağı səsə o qədər də təsir etməyəcək. "AKP müəyyən sosial yardımlarla seçicilərdə iqtisadi böhrandan doğan narazılıqları minumuma endirməyə çalışır",- deyə Karaveli əlavə edib. Karaveli onu da bildirib ki, AKP Türkiyənin cənub-şərqində yaşayan kürdlər üçün alternativi olmayan bir partiyadır. "CHP və kürdçü siyasət yürüdən DTP dini dəyərlərdən uzaq olduğu, MHP isə türk millətçisi olduğu üçün, əksəriyyəti dindar olan cənub-şərqdəki kürdlərin bu partiyalara səs verəcəyi inandırıcı deyil. AKP isə mötədil, islammeyilli və mühafizəkar təbəqələrə müraciət edən bir partiya olduğundan, cənub-şərq regionunda səslərin əksəriyyətini alacağı şübhə doğurmur", - deyə Karaveli bildirib.

22 iyun seçkilərində həyata keçirdiyi anket araşdırmaları apararaq seçkilərin nəticələri ilə bağlı ən doğru proqnoz verən, Ankaradakı Konda araşdırmalar mərkəzinin direktoru Tarhan Erdem də partiyaların ənənəvi seçici kütləsində ciddi mənada yerdəyişmələr olmayacağını bildirib. "Biz hələlik anket araşdırması aparmasaq da, 29 mart seçkilərində partiyaların ənənəvi seçici kütləsində ciddi mənada yerdəyişmələr olacağını güman etmirəm", - Erdem şənbə günü telefonla Ankaradan Trend -a bildirib.

Müxtəlif araşdırma təşkilatlarının 29 mart seçkiləri ilə bağlı Türkiyədə apardığı anket araşdırmalarının nəticələrinə əsasən, partiyaların 22 iyul 2007-ci ildə aldıqları səs faizləri, bir neçə faiz fərqlə, olduğu kimi qalır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti