...

Ermənistan-Azərbaycan cəbhə xəttindəki yaşayış məntəqəsinin atəşə tutulması faktı ATƏT-in Minsk qrupu tərəfindən pislənilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Mart 2009 20:35 (UTC +04:00)
Ermənistan-Azərbaycan cəbhə xəttindəki yaşayış məntəqəsinin atəşə tutulması faktı ATƏT-in Minsk qrupu tərəfindən pislənilib (ƏLAVƏ OLUNUB)

Avstriya, Vyana, 05 mart / Trend , müxbir A.Ələsgərov / ATƏT-in Minsk qrupu həmsədrləri cümə axşamı baş tutan ATƏT-in Daimi Şurasının iclasında Ermənistan-Azərbaycan cəbhə xəttindəki yaşayış məntəqəsinin atəşə tutulması faktını pisləyiblər.

Vyanada keçirilən Daimi Şura iclasının əsas mövzusu fevralın 26-da Füzuli rayonunun Horadiz yaşayış məntəqəsində ATƏT missiyası tərəfindən qurumun fəaliyyətdə olan katibinin şəxsi nümayəndəsi Anjey Kaspşikin rəhbərliyi altında keçirilən monitorinq zamanı Azərbaycan və Ermənistan hərbi qüvvələrinin təmas xəttində baş vermiş hadisə olub.

Azərbaycan tərəfinin iclasda çıxışı zamanı diqqətlər atəşin açılma istiqamətinin müəyyənləşdirilməsinə istiqamətləndirilib. Məlum olan budur ki, Kaspşikin monitorinqi Azərbaycanın nəzarətində olan hissədə keçirməsini və atəşin onun istiqamətində açılmasını nəzərə alsaq, çox güman ki, atəş erməni mövqelərindən açılıb.  

Azərbaycan tərəfi onu da qeyd edib ki, atəşkəsin pozulması faktına dəfələrlə toxunulub. Bu mütəmadi hal alıb və heç bir təsadüfdən söz gedə bilməz.

Kaspşik tərəfindən hələ ki, atəşin hansı istiqamətdən açıldığı bəyan olunmayıb.

"Biz təəsüf edirik ki, 2008-ci ilin dekabr ayında Helsinkidə keçirilən Nazirlər Şurasında Minsk qrupunun snayperlərin təmas xəttindən çəkilməsi təklifini tərəflər dəstəkləmədi", - ATƏT-də fəaliyyət göstərən ABŞ nümayəndəliyinin bəyanatında deyilir.

Azərbaycan tərəfi buna cavab olaraq snayperlərin çəkilməsi ideyasının müzakirə mövzusu olmadığını bildirib.

Azərbaycan nümayəndələrinin sözlərinə görə, qarşı tərəf əlavə silah tədarükü gördüyü halda və xarici qoşunların Qafqazda mövcudluğu faktorundan yararlanaraq Azərbaycanı daha da qəti addım atmağa sürüklədiyi zaman diqqəti real vəziyyətdən yayındırmaq lazım deyil. 

"Qarşılıqlı etibarın əsas amili münaqişənin həlli istiqamətində irəlləyiş və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasıdır", - Azərbaycan nümayəndə heyəti bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti