...

Fransanın NATO-ya qayıdışı alyansın Rusiya ilə yaxınlaşmasına təsir etməyəcək

Siyasət Materials 14 Mart 2009 12:00 (UTC +04:00)
Fransanın NATO-ya qayıdışı alyansın Rusiya ilə yaxınlaşmasına təsir etməyəcək

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Е.Оstapenko /

Fransa və Rusiya arasındakı ənənəvi etibarlı tərəfdaşlıq münasibətlərinə baxmayaraq, Fransanın NATO-ya qayıdışı alyansın Rusiya ilə münasibətlərinin yaxşılaşmasında dönüş nöqtəsi olmayacaq.

"İş Fransanın yox, Rusiyanın istəyindədir", - Trend -a telefonla Moksvadan müstəqil rusiyalı politoloq Leonid Radzixovski deyib.

Fransanın NATO-nun hərbi strukturuna qayıtmaq niyyətində olmasını Fransa Prezidenti Nikolya Sarkozi çərşənbə günü rəsmən bəyan etmişdi. "Bu (NATO komandanlığı strukturuna qayıdış) həm Fransa, həm də Avropanın marağındadır", - Sarkozi, fransız hərbi ekspertlərinin Parisdəki görüşündə deyib. Bu barədə BBC məlumat verir.

Fransa NATO-nun 12 təsisçi ölkəsindən biridir. Ölkə strukturun hərbi komandanlığından 1966-cı ildə çıxıb. Bununla Fransa Prezidenti Şarl De Qoll Fransanın müdafiə potensialının, ölkənin nüvə saxlama qüvvələrinin müstəqilliyini qorumaq, eləcə də ABŞ-dan asılı olmadığını nümayiş etdirmək istəyirdi. Bununla yanaşı, ölkə qurumun üzvü olaraq qalmış, NATO-nun Balkanlarda və Əfqanıstandakı əməliyyatlarında fəal şəkildə iştirak etmişdi.

Fransanın, NATO-nun Rusiya ilə yaxınlaşmada dönüş nöqtəsi olmayacağının səbəbləri haqqında rus və avropalı ekspertlərin fikirləri müxtəlifdir.

Avropalı ekspertlər hesab edir ki, Rusiyanın Şimali Atlantik alyansı ilə münasibətlərinin yaxşılaşması Fransadan daha çox ABŞ-ın istəyindən asılıdır.

"Görünür, NATO ilə Rusiyanın yaxınlaşması tendensiyası var", - ABŞ silahlı qüvvələri və strateji düşüncəsi üzrə fin ekspert Çarli Salonius-Pasternak hesab edir.

"Hər şey Fransanın NATO-da nə dərəcədə fəaliyyət göstərəcyindən asılıdır", - Trend -a telefonla Helsinkidən Salonius-Pasternak, Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun (The Finnish Institute of International Affairs) eksperti deyib. Ancaq o əlavə edib ki, ABŞ və Rusiyanın bir yerdə işləyib-işləyə bilməyəcəyi, aralarındakı münasibətləri yaxşılaşdıra biləcəklərindən də çox şey asılı olacaq.

"Rusiya ilə əməkdaşlıq tərəfdarı olmaq nöqteyi-nəzərindən Fransanın rolu çox vacibdir", - MDB ölkələri üzrə fransız ekspert Dominik Fin hesab edir. Fransanın mövqeyi tamamilə aydındır: Rusiya ilə əməkdaşlıq müzakirə mövzusu deyil, bu Avropanın təhlükəsizliyinin ayrılmaz bir hissəsidir.

Amma Fin ABŞ-ın mövqeyinin də vacib olduğunu hesab edir. "ABŞ-ın Rusiya ilə münasibətləri əməkdaşlığa doğru yolların axtarılmasına və yüngülləşdirilməsi cəhdlərinə imkan yaradır", - o deyib.

"Fransanın NATO-ya dönüşü və Rusiya ilə NATO arasındakı münasibətlər əməkdaşlığın davam edəcəyindən xəbər verir", - Fransa Beynəlxalq Münasibətlər İnstitutunun (İFRİ) MDB ölkələri üzrə şöbəsinin əməkdaşı Fin hesab edir. "Münasibətlərin radikal yaxşılaşmasını gözləmək lazım deyil, ancaq əməkdaşlığın bərpasına cəhdlər davam etdiriləcək", - Fin Trend -a Parisdən telefonla bildirib.

Ancaq məşhur rusiyalı politoloq Radzixovski hesab edir ki, NATO ilə Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılması Fransadan çox Rusiyadan asılıdır, çünki Rusiya hazırda Qərblə, o cümlədən NATO ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Rusiyanın bu arzusu, onun fikrincə, maliyyə böhranı səbəbindən yaranıb.

"Rusiya yenə də çox zəifləyib, onun dəstəyə, ola bilər ki, həm də Qərb ölkələrinin maliyyə dəstəyinə ehtiyacı var", - Radzixovski deyib. Onun fikrincə, Rusiya üçün NATO ilə əvvəlki münaqişə xəttini saxlamaq tamamilə mənasızdır.

Son zamanlar həm Rusiyanın, həm də NATO-nun yaxınlaşmaq səyləri hiss olunur. Yaxınlarda Brüsseldə Rusiya XİN Sergey Lavrovla ABŞ-ın dövlət katibi Hilari Klintonun görüşündə tərəflər "münasibətlərin yenidən yüklənməsi" simvolik düyməsini basdılar.

"Rusiyadakı bütün sağlam düşüncəli siyasətçilər və adi insanlar Fransanın NATO-ya daxil olub-olmamasından asılı olmayaraq, bu qurumun Rusiya üçün çoxdan heç bir hərbi təhlükə yaratmadığını bilir", - Radzixovski bildirib.

Fransanın Şimali Atlantika alyansının rəhbər strukturlarına reinteqrasiya prosesi 1990-cı illərdə başlayıb. O, Sarkozinin hakimiyyətə gəlişindən sonra daha açıq xarakter alıb.

"Fransanın qayıdışı Ukrayna və Gürcüstanın alyansa gələcək inteqrasiyasına təsir etməyəcək", - ekspertlər hesab edir.

"Fransanın qayıdışı böyük mənada heç nəyi dəyişməyəcək, çünki əsas porblem qalır: Almaniya, Fransa və bir sıra digər NATO ölkələri Ukrayna və Gürcüstanın alyansa qəbul edilməsinə skeptik yanaşma nümayiş etdirirlər. Onlar bunun heç də aqil bir qərar olmasına inanmırlar", - Fin hesab edir.

"Gürcüstan indi buna hazır deyil, hərbi səviyyədə bu ölkənin durumu müharibədən əvvəlkindən pisdir. Gürcüstan NATO meyarları ilə uyğunluq məsələlərində xeyli inkişafa nail olub, ancaq demokratiya və qanunun aliliyi hələ də problem olaraq qalır", - o deyib.

"Ukraynaya gəlincə, onun prioritetləri sırasında NATO-ya daxil olmaq əvvəlkindən daha aşağı səviyyədə durur", - Fin hesab edir. Üsətlik bu məsələ, onun sözlərinə görə, heç bir zaman əhalinin dəstəyini qazanmayıb. Ukraynanın təklif etməyə bir şeyi var, amma hələ xeyli dəyişmələrə ehtiyac var.

"Fransada Ukrayna və Gürcüstanın NATO-ya girişinə birmənalı baxış yoxdur", - Fin hesab edir. "Onlar (fransızlar) potensial namizədlərin hər birinin dəyərini anlamaq üçün bu ölkələrdən hər birini ayrı-ayrılıqda nəzərdən keçirməyə çalışırlar", - o bildirib.

Fransanın gəlişindən sonra onun Amerika ilə yaxınlaşmağını gözləmək olar. Ekspertlər belə hesab edir.

"Sarkozi əvvəlcədən də deyirdi ki, o, Fransanın Amerika ilə davamlı yaxınlaşmasının tərəfdarıdır", - Radzixovski deyib. - Təbii ki, Fransanın NATO-nun hərbi maşınına qayıdışı onun ABŞ-la yaxınlaşmasına doğru atılmış bir addımdır".

Fransanın NATO-nun rəhbər strukturlarına qayıdışı proseduru martın 17-nə təyin edilmiş parlament səsverməsini nəzərdə tutur. Bundan sonra, yüksək səviyyədə danışıqlardan sonra məsələ aprelin 3-4-də Kel və Strasburqda keçiriləcək NATO-nun 60 illiyinə həsr olunmuş sammitdə qaldırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti