...

Azərbaycan Mərkəzi Seçki Komissiyasına referendum üzrə təşviqat kampaniyası dövründə cəmi bir şikayət daxil olub

Siyasət Materials 16 Mart 2009 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) referendum üzrə təşviqat kampaniyası zamanı bir şikayət daxil olub.

""Respublikaçılar" təşviqat qrupunun  "Xalq qəzeti"nə qarşı şikayəti araşdırılıb. Təşviqat qrupu müraciətində qəzetdə təbliğat materialının başlığının dəyişdirildiyini bildirmişdi. Şikayət təmin edilib və "Xalq qəzeti" başlığı dəyişdirib", - bazar ertəsi Trend -a MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Trend -un arayışı: Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər. Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası bu gün - martın 16-da saat 24:00-da başa çatdırılmalıdır. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

"Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və Demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka" təşviqat qrupları referendumun lehinə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qrupları isə əleyhinə təbliğat aparır.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Azərbaycanda referendumu izləyəcək beynəlxalq müşahidəçilərin sayı 170, yerli müşahidəçilərin sayı isə 47 min nəfərə yaxındır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti