...

Suriya ilə yaxınlaşma yolunda Qərbin məcburi qurbanları – Trend News-un icmalçısı

Siyasət Materials 17 Mart 2009 09:02 (UTC +04:00)
Suriya ilə yaxınlaşma yolunda Qərbin məcburi qurbanları – Trend News-un icmalçısı

Trend -un Yaxın Şərq redaksiyasının icmalçısı Ülviyyə Sadıqova

ABŞ və Suriyanın əməkdaşlığı Barak Obamanın "2009-cu il - Yaxın Şərqdə sülh ili" Planının həyata keçirilməsi yolunda ilk addımı olacaq, lakin bunun üçün Vaşinqton regionun ən möhkəm siyasi üçbucağı olan Dəməşq-Tehran-Hizbullah birliyinin parçalanması məsələsini unutmalıdır.

Avropa və Vaşinqton Suriyanın Yaxın Şərqin təhlükəsizliyində əsas rollardan birini oynadığını çoxdan dərk ediblər. Qərbyönlü ərəb qonşuları tərəfindən siyasi və iqtisadi cəhətdən təcrid olunmasına baxmayaraq Dəməşqin Livan və Fələstinə təsiri ildən-ilə artır.

Suriyanın yüksək çinli fiqurlarının Rafiq Həririnin öldürülməsində ittiham olunması və ən əsası İran və "onun övladı" Hizbullah ilə möhkəm ittifaq Vaşinqtonun ötən ay beş il ərzində ilk dəfə olaraq getdiyi Suriya-Amerika dialoqunun başlanmasına təsir etmədi. ABŞ Dövlət katibi Hillari Klinton Suriya ilə danışıqları "sınaq müddəti" adlandırıb və iki ölkə arasındakı münasibətlərin bərpası haqqında danışmağa tələsməyib.

Müşahidəçilərin Obama administrasiyasının Yaxın Şərq siyasətinə şübhə ilə yanaşmasına baxmayaraq, o, Corc Buşun əvvəlki kursu ilə müqayisədə böyük uğur qazanacaq.

Bəs Suriya Qərb üçün ərəb dünyasında nə kimi əhəmiyyət kəsb edir?

Birincisi, Livan. Son 30 il ərzində Suriya hakimiyyəti Livanın daxili siyasətində istədiyini edirdi. Əsas məsələ Dəməşq və Tehranın kəskin əleyhdarı olan keçmiş Baş nazir Rafiq Həririnin qətlidir. ABŞ və Fransanın dəstəyi ilə Livanın qərbyönlü siyasətçilərinin "Suriyanın əli olması haqqında" əsassız ittihamları Suriyanın "sünni" ərəb ölkələri ilə o qədər də möhkəm olmayan əlaqələrini tamamilə kəsdi.

Lakin indi, araşdırma ilə Livan üzrə xüsusi tribunalın məşğul olduğu və Baş nazirin qətlə yetirilməsində şübhəli bilinən və aralarında bir nəfər suriyalının da olduğu yeddi nəfərdən üçünün buraxıldığı bir vaxtda bu qətldə Suriyanın izi itib. Onların hansı əsasla buraxıldıqları məlum deyil.

Avropa və ABŞ-ın Suriya ilə yaxınlaşmasının səbəbi iyunda Livanda keçiriləcək parlament seçkiləri ola bilər. Müşahidəçilər hesab edirlər ki, Hizbullah şiə qruplaşması qələbəyə daha çox şanslıdır, istənilən xarici təcavüzə, xüsusilə də İsrailə qarşı silahlandırma hüququ onun əlindədir.

Buna görə, Qərb Avropa və ABŞ ilə əməkdaşlığa daha çox meyilli olan Livan hökumətinin zəifləməsinin qarşısını almaq üçün Suriya və Hizbullahın münasibətlərindən istifadə etməyə ümid edir.

Bundan əlavə, Dəməşq Avropa ilə Hizbullah arasında İsrail-Livan sərhəddində vəziyyətin stabilləşdirilməsinə kömək edə biləcək dialoqun başlanması üçün istinad nöqtəsi ola bilər.

Vaşinqton Suriya hökuməti ilə danışıqlara Livandakı keçmiş səfiri Ceffri Feltman Deniel Şapironu göndərmişdi, o, 2003-cü ildə konqresmen köməkçisi olaraq Suriyaya qarşı HƏMAS və Hizbullaha dəstək göstərdiyinə görə, qadağalara dair qanunun hazırlanmasında iştirak edib.

İkincisi, Suriyayla HƏMAS-ın münasibətləri. Dəməşq son ana qədər İsrailin HƏMAS hərəkatı üzvlərinə qarşı apardığı hərbi əməliyyatlar zamanı hərəkat üzvlərini dəstəkləyirdi. Ənənəvi ərəb dövlətləri və Fələstin rəhbərliyi Qəzza Zolağında dinc əhalinin tələf olmasının əsas səbəbkarı kimi HƏMAS-ın İsrail ərazilərinin raket atəşinə tutmasında görürdülər. Bununla yanaşı, HƏMAS-ın siyasi liderlərindən biri olan Xalid Maaşal Suriyada yaşayır.

Qərblə Dəməşqin münasibətlərinin yaxşılaşması İran silahlarının Suriya ərazisindən HƏMAS-a çatdırılmasını azalda bilər və bu da ABŞ-la Avropanın Yaxın Şərqdə əsas strateji əməkdaşı olan İsrailin təhlükəsizlik maraqlarına cavab verir. Qərbin HƏMAS-la dialoqa gedəcəyi inandırıcı olmasa da, hərəkatın hərbi gücünün zəifləməsi başda mülayim FƏTH olmaqla Fələstin muxtariyyətinin mərkəzi hakimiyyətini gücləndirə bilər. 

Lakin Suriya ilə münasibətlərin yaxşılaşmasından Dəməşqlə Tehranın hərbi və iqtisadi əməkdaşlığının bitməsini gözləmək lazım deyil.

Tehran hələ ki, "laxlayan" Suriya iqtisadiyyatının yeganə gəlir mənbəyidir. Son 30 ildə Suriya İran neftinin ixracından böyük güzəştlər əldə edir ki, qərb müşahidəçiləri bunu "Suriya rejiminin sadiqliyinə qarşılıq mükafat" kimi dəyərləndirirlər. 

Çətin ki, İran özünün nüvə proqramı ətrafında Qərblə yaşadığı mübarizə fonunda "sünni" təriqətinə mənsub ərəb ölkələrinə yeganə təsir vasitəsi olan Dəməşq və "Hizbullah" siyasəti üzərindəki nəzarəti əldən verə.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti