...

Azərbaycandakı ali məktəbə silahlı hücum edən şəxsin Bakıdakı mənzilində axtarış aparılıb

Siyasət Materials 1 May 2009 12:32 (UTC +04:00)
Azərbaycandakı ali məktəbə silahlı hücum edən şəxsin Bakıdakı mənzilində axtarış aparılıb

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücum edən 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Əsəd oğlu Qədirovun Bakıda yaşadığı evində axtarış keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Qədirovun Nizami rayonu Çobanzadə küçəsi 65 saylı binada məskunlaşdığı mənzilində cümə axşamı gecə saatlarında axtarış keçirilib, cümə günü Trend -a Nizami rayon Polis İdarəsindəki mənbələr məlumat verib.

Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Mənbə bildirib ki, axtarış zamanı Qədirovun mənzilindən istintaq üçün xüsusi əhəmiyyətli sübutlar götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif Trend -a bildirib ki, mətbuat xidmətində bu barədə məlumat yoxdur.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Trend -a açıqlamasında bildirib ki, istintaq sirri olduğundan, aparılmış istintaq-əməliyyat tədbirlərinin təfərrüatları ilə bağlı mətbuata məlumat verilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti