Azərbaycan, Bakı, 01 may / Trend , müxbir Ü.Sadıqova /
İsrailin xarici işlər naziri Aviqdor Liberman 30 aprel tarixində Bakıda Azərbaycan Dövlət Neft Akademiyasında baş verən faciə ilə bağlı dərin hüznlə başsağlığı verib. Bu barədə İsrailin Azərbaycandakı səfirliyinin press-relizində bildiriliir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova ünvanlanan məktubda bildirilir ki, İsrail hökuməti zorakılıq aktlarını pisləyir və bu dəhşətli faciə nəticəsində gənc insanların həlak olmasından kədərlənir.
İsrailin xarici işlər naziri faciə qurbanlarının ailələrinə də başsağlığı verib.
Aprelin 30-da səhər saatlarında naməlum silahlı şəxs Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunda atəş açmağa başlayıb. Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə bəyanatına görə, Dövlət Neft Akademiyasına silahlı hücum nəticəsində 12 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Azərbaycan Baş Prokurorluğu cümə günü bildirib ki, yaralılardan üçü lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Cinayəti 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu törədib. Cinayət zamanı "Makarov" tapançasından istifadə olunub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]