...

Əs-Sədrin Türkiyəyə səfəri – İranın İraqa təsirinin sonudur

Siyasət Materials 5 May 2009 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir Ü.Sadıqova, R.Hafizoğlu /

Ekspertlər hesab edirlər ki, İraqın şiə müqavimət hərəkatının lideri Müqtəda əs-Sədrin Türkiyəyə səfəri əs-Sədrin siyasi lider kimi mövqeyinin güclənməsinə və İranın İraqın şiə partiyalarına təsirinin zəifləməsinə səbəb olacaq.

"Əs-Sədr öz mövqeyi ilə dini xadim kateqoriyasından siyasi xadim dərəcəsinə keçdiyini göstərir. Əs-Sədr İraqın daxili siyasətində möhkəmlənməyə çalışır, buna görə onun İranın təsirini zəiflətmək istəməsi istisna edilmir", - deyə İstanbuldan telefonla Trend -a Türkiyənin Yaxın Şərq üzrə aparıcı analitiki Mustafa Özcan bildirib.

İraqdakı Amerika hərbçilərinə qarşı müqavimət göstərən "Mehdi ordusu"nun keçmiş rəhbəri əs-Sədr ötən həftənin sonunda Ankarada Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan ilə İraqda sabitliyin bərpa edilməsi, həmçinin 2009-cu ilin dekabrında İraqda keçiriləcək seçkiləri müzakirə edib. Xəbəri TRTRussian saytı yayıb.

Əs-Sədrin Türkiyəyə səfəri 2007-ci ildən şiə müqavimət hərəkatı liderinin ilk açıq-aşkar ortaya çıxması hadisəsidir. Onun tərəfdarları olan "sədrilər" İran parlamentindəki 275 yerdən 28-ni tuturlar.

Əs-Sədrin adı İraq şəhərlərində onun tərəfdarları tərəfindən təşkil edilən bir sıra partlayışlardan sonra ABŞ tərəfindən axtarılan şəxslərin siyahısında ilk sətrlərdə qərarlaşmışdı. O, həmçinin Bağdad ilə Vaşinqton arasında 2011-ci ilin sonunadək Amerika qoşunlarının ölkədə saxlanılmasını nəzərdə tutan təhlükəsizlik barədə sazişin imzalanmasına qarşı da çıxış edirdi.

Analitiklər hesab edirlər ki, əs-Sədr İraqın bütün siyasi və dini qruplarına qarşı münasibətdə bir mövqe tutan Ankara ilə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır.

İran siyasti üzrə analitik Yust Hilterman (Joost Hiltermann) hesab edir ki, əs-Sədr İraqda birliyin saxlanılması və ölkənin muxtariyyətlərə bölünməməsi mövqeyindən çıxış edir ki, Ankara da bu mövqedədir.

"İraqın vahid saxlanılmasında təkcə ölkənin daxili siyasi qüvvələri deyil, qonşu ölkələr də maraqlıdır", - deyə İstanbuldan telefonla Trend -a Beynəlxalq Böhran Qrupunun Yaxın Şərq üzrə proqram rəhbərinin müavini Hilterman bildirib.

Onun sözlərinə görə, bu səfərin İraqın mərkəziləşdirilməməsinin tərəfdarı olan bəzi İraq şiələrinə qarşı yönəldiyi istisna edilmir.

Analitiklər Mosul və Kərbəla kimi iri şəhərlərdə məskunlaşan "Mehdi ordusu"nun dini şiə hərəkatını buraxmasını nəzərə alaraq əs-Sədrin hazırkı mövqeyini dini lider dərəcəsindən siyasi lider dərəcəsinə keçid kimi qiymətləndirirlər.

Özcan hesab edir ki, əs-Sədr, Livanın "Hizbullah" şiə partiyasına bənzər siyasi partiya yaratmaq istəyir.

Ekspertlər hesab edirlər ki, əs-Sədrin İraqda keçiriləcək qarşıdakı seçkilərdə maraqlı olması və

parlamentdə 30 tərəfdarının olması onun siyasi lider kimi mövqeyini möhkəmləndirməyə çalışmasına dəlalət edir.

Yaxın Şərq siyasəti üzrə aparıcı analitik Hüsni əl-Məhəlli hesab edir ki, onun Türkiyəyə səfəri Ankaranın bitərəf münasibət bəslədiyi İraqın siyasi liderləri sırasına qoşulmasına kömək edəcək.  

"Sünni ölkəsinə (Türkiyəyə) səfər [əs-Sədrin səfəri] daxili problemlərin həllində İraq üçün olduqca vacibdir", -  deyə İstanbuldan telefonla Trend -a əl-Məhəlli bildirib.

O, bu səfərin İranın İraq şiələrinin siyasi və dini qruplaşmaları arasında mövcud olan təsirinin zəiflədilməsinə yönəldiyini istisna etmir.

İran Kərbəla və Nəcəfin şiə icmaları ilə sıx əlaqələrə malikdir, həmçinin şiə təriqətli və "Əd-Dəva" partiyasının lideri, Baş nazir Nuri əl-Malik hökuməti ilə əlaqələr saxlayır.

Əl-Məhəlli güman edir ki, "Sədrilər" İranın təsirini zəiflətməyə çalışır və Ankaranın Bağdad ilə əlaqələrini Tehran ilə münasibətlərdən mühüm hesab edirlər.

"Əs-Sədr özü İranın təsirindən məmnun deyil və buna görə İranın İraqın daxili siyasətinə təsirinə son qoymaq istəyir", - deyə Özcan bildirib.

Martda Türkiyə Prezidenti Abdullah Gül iki ölkə arasında mövcud olan 33 illik münasibətlər dövründə ilk dəfə olaraq İraqa səfər edib. Ankara Prezident Gülün Bağdada səfərindən sonra əs-Sədri qəbul etməklə İraqın siyasi birliyinin və ərazi bütövlüyünün onun üçün nə dərəcədə əhəmiyyətli olduğunu növbəti dəfə süıbut etdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti