Azərbaycan, Bakı, 08 may / Trend , müxbir V.Javoronkova /
"ATƏT-in məqsədi Azərbaycana onun inkişafında kömək etməkdir", - bu gün mətbuat konfransında təşkilatın Bakı ofisinin yeni başçısı Bilge Cankoreli deyib.
"ATƏT Azərbaycanla üç istiqamətdə işləyir. DİN-lə bizim polislə bağlı layihəmiz var ki, bu layihə Şirvan və Mingəçevirdə realizə ediləcək", - səfir deyib. Onun sözlərinə görə, layihənin məqsədi polislə cəmiyyət arasındakı münasibəti nizamlamaqdır.
"İkinci layihə də DİN-lə birgə nəzərdə tutulub. Bu, polisin təliminin təşkili üzrə bahalı layihədir", - Cankoreli deyib. Onun sözlərinə görə, DİN-lə daha iki birgə layihə var ki, onlardan biri terrorizmlə mübarizəyə yönəldilib.
"İqtisadi və ekoloji sahələrlə bağlı layihələr üzərində də iş gedir. Bu, ekologiyanın mühafizəsi, kiçik biznesin genişləndirilməsi, korrupsiya ilə mübarizə layəhələridir. Biz məhkəmələrin monitorinqini keçiririk, regionlarda hüquq mərkəzlərinin yaradılması üzrə təlimlərimiz olur, həmçinin həbsxanaların monitorinqi aparılır", - o deyib.