...

Azərbaycanın siyasi qüvvələrinin Dağlıq Qarabağ məsələsində pərakəndəliyi yolverilməzdir – müxalifətçi lider

Siyasət Materials 15 May 2009 12:55 (UTC +04:00)
Azərbaycanın siyasi qüvvələrinin Dağlıq Qarabağ məsələsində pərakəndəliyi yolverilməzdir – müxalifətçi lider

Azərbaycan, Bаkı, 15 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyasının lideri bütün müxalif qüvvələrin "Qarabağ forumu"nda iştirak etməməsini düzgün hal hesab etmir.

"Bütün siyasi qüvvələrin forumda iştirak etməmələrinin səbəbini bilmirəm. Amma bu cür problemlərə münasibətdə pərakəndəlik yol verilməzdir", - cümə günü Trend -a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov bildirib.

Trend -un arayışı: Azərbaycanın bir qrup müxalif partiyasının təşəbbüsü ilə mayın 14-də "Qarabağ forum"u keçirilib. "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan partiayaların əksəriyyəti tədbirdə iştirak etməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məmmədovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə münasibət məsələsində iqtidar-müxalifət bölgüsü aparılması da yanlışdır.

"Bu, ümummilli məsələdir, ona görə həm iqtidarın, həm də müxalifətin elan etdiyi prinsiplər eynidir", - partiya lideri əlavə edib.

Onun fikrincə, münaqişənin beynəlxalq normalara uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçıvəsində həllini həm iqtidar, həm də müxalifət hər zaman tələb kimi irəli sürür.

"Lakin bizə bəllidir ki, danışıqlar prosesində müəyyən arzuolunmaz situasiya yaranır. Ona görə də münaqişənin həlli ilə bağlı Azərbaycanın dövlət maraqlarının əleyhinə yönələ biləcək məqamda nəinki müxalifət qüvvələri arasında, hətta iqtidarla müxalifət arasında ayrıseçkilik aparmaq olmaz", - Məmmədov vurğulayıb. 

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları, eləcə də bir neçə ictimai təşkilat təsis edib.

АMİP 1992-ci ildə yаrаdılаn və Аzərbаycаndа ilk dövlət qеydiyyаtınа аlınаn pаrtiyаdır. Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gediblər.

Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti