Trend News-un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu
İranda keçiriləcək növbəti prezident seçkilərində qeyri-fars əhalinin aktiv iştirakı İslahatçılar düşərgəsi nümayəndələrinin qələbəsinə zəmanətdir, əks təqdirdə, hazırkı Prezident Mahmud Əhmədinejad rəqibləri üzərində çox rahat qələbə qazana bilər.
İranda yaşayan kürd, azərbaycanlı və digər xalqların çoxluğunu nəzərə alsaq, seçkilərin nəticəsində həlledici rolları danılmazdır. İran Seçki Komitəsinin verdiyi məlumata əsasən, hazırda 48 milyon əhali seçkidə iştirak etmək hüququna malikdir. Hazırda qeyri-rəsmi məlumata əsasən, İranda 35 milyon azərbaycanlı yaşayır və seçkilərdə kürdləri istisna etməklə, ən az iştirak azərbaycanlılara məxsusdur.
Bundan əvvəlki prezident seçkilərinin geniş şəkildə baykot olunması Əhmədinejadın qələbəsi ilə nəticələndi. Bu seçkilərdə kürdlərin yalnız 30 faizi iştirak etdi.
İranda müxtəlif seçkilərdə orta hesabla 50 faizdən az əhali iştirak edir və nəzərə alsaq ki, növbəti prezident seçkilərinin birinci mərhələsində qalib gəlmək üçün Əhmədinejadın təxminən 10-11 milyon səsə ehtiyacı və onu dəstəkləyən 13 milyona yaxın Könüllü İnqilabçı (Bəsic) və İran İnqilabçılar Korpusu (Sepah) üzvu var, o zaman Əhmədinejadın rahat qalib gələcəyini düşünmək olar. Lakin qeyri-fars xalqların seçkilərdə aktiv iştirakı tamamilə nəticəni dəyişə bilər.
Mayın 26-da Azərbaycan əsilli islahatçı namizəd Mir Hüseyn Musəvi Təbrizə səfərində Təxti İdman Kompleksində 30 min nəfərə yaxın soydaşı qarşısında çıxış edib. Əhmədinejadın əyalətlərə səfərindən fərqli olaraq, Musəvinin çıxışına gələnlərə pul və ərzaq paylanmayıb, həmçinin xalqın Musəvi ilə görüşə gəlməsi yaxşı təşkil olunmayıb. Əhmədinejadın əyalətlərə səfərlərində isə hətta qonşu şəhərlərdən şagirdlər, idarə işçiləri və əsgərlərin toplanması tam təşkil olunurdu və bəzən xalqa ərzaq məhsulları, pul paylanılırdı.
Azərbaycanda xeyli sayda tərəfdarı olan Əkbər Ələminin prezident seçkilərində Nəzatətçi Şura tərəfindən səlahiyyətinin təsdiq olunmaması, təbii ki, azərbaycanlıların yenə də hakimiyyətə və seçkilərə aqressiv münasibət göstərmələrinə səbəb olacaq. Lakin nəzərə alsaq ki, azərbaycanlılara sabiq islahatçı prezident Məhəmməd Xatəmi tərəfindən verilən nisbi mədəni azadlıq Əhmədinejadın dövründə tamamilə aradan qaldırıldı, o zaman Azərbaycan xalqının Musəvini dəstəkləyəcəyinə böyük ümid var. Əhmədinejad dövründə inflyasiyanın 25 faizə çatması, hakimiyyətin xarici siyasətinə görə ölkənin təcrid olunması, azadlıqlara qoyulan sərt limitlər və işsizliyin artması nəticəsində xalqın tamamilə hazırkı Prezidentə olan inamını itirməsinə səbəb oldu. Hazırkı Prezident əvvəllər "neft pullarını xalqın süfrəsinə gətirəcəyinə" söz vermişdi.
Digər islahatçı namizəd Mehdi Kərrubinin lor əsilli olması və fars dilində maraqlı lori ləhcəsində danışması da, onun lorlar və onlara yaxın olan kürdlər tərəfindən böyük dəstək qazanmasına səbəb ola bilər. Onsuz da, Kərrubinin konkret və tənqidçi dili İranda yaşayan bütün xalqlar tərəfindən bəyənilir.
Kürdlərin Musəvini dəstəkləyəcəyi də istisna olunmur. Tarixdə Azərbaycan və kürd xalqlarının birliyinə dair faktlar var. 1945-46-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə İran azərbaycanlılarının birillik istiqlalı zamanı, kürdlərin rəhbəri Qazi Məhəmməd koalisiya təşkil edərək İran hakimiyyəti əleyhinə qiyam qaldırdı, müstəqil hakimiyyət qurdu və 1946-ci ildə Təbriz Parlamentində Pişəvərinin hakimiyyəti ilə əməkdaşlıq müqaviləsi bağladı. Hər halda bu iki xalqın əməkdaşlıq və bir-birinə dəstək verməsi üzrə tarixi faktlar çoxdur, baxmayaraq ki, hazırda iki xalqin bir-birinə asimiliyasiya olunması ilə hər iki tərəfdə narazlıqlar yaranıb.
Rəsmi məlumata əsasən, İranda 15 milyon azərbaycanlı seçkilərdə iştirak etmək hüququna malikdir və onların aktiv iştirakı Əhmədinejadın pis aqibətinə səbəb ola bilər.