...

AŞ PA-nın sessiyasında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bir neçə məsələ qaldırılacaq – Azərbaycan nümayəndə heyətinin üzvü

Siyasət Materials 11 İyun 2009 12:16 (UTC +04:00)
AŞ PA-nın sessiyasında Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bir neçə məsələ qaldırılacaq – Azərbaycan nümayəndə heyətinin üzvü

Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyəti yay sessiyasında Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi ilə bağlı bir neçə məsələ qaldıracaq.

"Biz hər sessiyada bununla bağlı komitələrin iclasları və sessiyanın gedişi zamanı müxtəlif məsələlərin müzakirəsinə nail oluruq", - cümə axşamı Trend -a Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli bildirib.

Trend -un arayışı: Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 22-26-da keçiriləcək. Sessiyada Avropa Şurasının yeni baş katibinin seçilməsi nəzərdə tutulub. Bundan başqa, yay sessiyasında Belarusda vəziyyət, dünyadakı maliyyə böhranı və onun beynəlxalq iqtisadi qurumlara təsiri müzakirə olunacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Hacıbəylinin sözlərinə görə, Azərbaycan nümayəndə heyəti xeyli müddətdir AŞ PA-nın sessiyalarında qaldırılan məsələrlə bağlı əvvəlcədən açıqlama vermir.

"Bunun səbəbi Ermənistan nümayəndə heyətinin bizim müzakirəyə təklif etdiyimiz məsələlərin müzakirəsinə mane ola bilməməsi ilə bağlıdır", - millət vəkili əlavə edib.

Nümayəndə heyətinin üzvü deyib ki, AŞ PA-nın yay sessiyasında Azərbaycanla bağlı heç bir məsələ müzakirəyə çıxarılmayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti