...

Fəaliyyət göstərməyən partiyaların qeydiyyatının ləğvi gözlənilir - Azərbaycanın hakim partiyası

Siyasət Materials 23 İyun 2009 09:00 (UTC +04:00)
Fəaliyyət göstərməyən partiyaların qeydiyyatının ləğvi gözlənilir - Azərbaycanın hakim partiyası

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyası hesab edir ki, "Siyasi partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklərə fəaliyyət göstərməyən partiyaların qeydiyyatının ləğvi ilə bağlı maddənin salınacağı gözlənilir.

"Dünyanın bir çox ölkələrində iki ildən artıq fəaliyyət göstərməyən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv olunur", - bazar ertəsi Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Trend -un arayışı: Azərbaycanda 52 partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" Qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanunda partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulub.

Daha öncə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend -a bildirib ki, bu məsələ həm Milli Məclis, həm də cəmiyyətdə müzakirə olunmalıdır. Onun fikrincə, məsələnin parlamentdə müzakirəsi zamanı ən adekvat və optimal variantlar seçiləcək və bu zaman müasir dünyanın tələbləri nəzərə alınacaq.

Həsənov bildirib ki, dövlət büdcəsindən maliyyələşmə zamanı siyasi partiyaların xarakteri, inkişaf maraqları nəzərə alınacaq.

Müxalifəti təmsil edən siyasətçilər qeydiyyatdan keçən partiyalara dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edir.

Novruzovun sözlərinə görə, Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatına alınmaları üçün tələb olunan imzaların sayı çox azdır.

"Bizim fikrimizcə, bu rəqəm heç olmasa seçicilərin 0,1 faizini təşkil etməlidir. Bizim ölkədə təxminən 5 milyona yaxın seçici var. Deməli, siyasi partiya qeydiyyatdan keçmək üçün ən azı 5 minə yaxın imza toplamalıdır", - hakim partiya funksioneri əlavə edib.

İcra katibinin müavini deyib ki, bu məsələ onların yeni qanun layihəsinə təkliflərində öz əksini tapacaq. "Azərbaycanda elə partiyalar var ki, onlar artıq ticarət obyektinə çevrilib. Bu səbəbdən siyasi partiyaların Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçirilməsinə ehtiyac var", - Novruzov vurğulayıb.

Millət vəkili deyib ki, partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi də onların yenidən qeydiyyatdan keçməsindən sonra müəyyənləşdirilməlidir. "Bununla da bağlı konkret təkliflərimiz var. Biz istəyirik ki, maliyyə bir neçə şərt əsasında verilsin. Bir şərt odur ki, qeydiyyatdan keçən partiyalar dövlət büdcəsindən maliyyələşdirilməlidir. İkincisi, seçkilərdə iştirak edən partiyaların qazandığı yerlərin sayına görə də maliyyələşmə məsələsini həll etmək olar", - Novruzov bildirib.

Hakim partiya funksioneri deyib ki, onların təklifləri nəzərə alınarsa, partiyaların büdcədən maliyyələşmə mexanizmi müəyyənləşəcək.

"Məsələn, elə partiya olacaq ki, dörd şərt əsasında maliyyə ala biləcək. Təbii ki, bir şərt əsasında maliyyələşən partiyalar da olacaq. Məncə, bu ən ədalətli seçimdir. Qeydiyyatdan keçmələrinə görə, bütün partiyaların eyni qaydada maliyyələşdirilməsi isə düzgün seçim olmayacaq", - Novruzov qeyd edib.

Onun fikrincə, təklifləri nəzərə alınarsa, bu, partiyaların fəaliyyətinin stimullaşmasına da köməklik göstərəcək.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti