...

Azərbaycan ərazisinə ağır təsirə malik narkotik vasitələr əsasən qonşu ölkələrdən gətirilir - DİN-in idarə rəisi

Siyasət Materials 1 İyul 2009 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyul  / Trend , müxbir K.Zərbalıyeva /

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi bildirib ki, Azərbaycan ərazisinə ağır təsirə malik narkotik vasitələr əsasən qonşu ölkələrdən gətirilir.

"Azərbaycana ağır narkotik vasitələr Əfqanstan, İran, Rusiya və Orta Asiya ölkələrindən gətirilir", - Trend -un məlumatına görə, bunu idarənin rəisi Həzi Aslanov çərşənbə günü rəsmi mətbuat orqanlarında dərc olunmuş müsahibəsində deyib.

Ötən il ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 2723 fakt qeydə alınıb. Bu isə 2007-ci ildəkindən 359 fakt çoxdur. Həmin faktlardan 1044-ü satış, 1566-sı saxlama, 97-si əkinlə bağlıdır.

Ötən il 54 xarici vətəndaşdan 116 kiloqramdan artıq narkotika aşkar edilərək götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılan əcnəbilərdən 24-ü İran, 17-si Gürcüstan, 12-si Rusiya, 1-i Ukrayna vətəndaşı olub.

İdarə rəisi bildirib ki, adıçəkilən ölkələrdən gətirilən narkotiklərin bir hissəsi "qara bazar"a daxil olsa da, digər hissəsi müxtəlif gizli üsullar və yollarla Avropa ölkələrinə daşınır.

Aslanovun sözlərinə görə, narkotik vəziyyətin son illər üzrə aparılmış təhlili göstərir ki, əvvəlki illərdə güclü təsirə malik heroinin respublika ərazisinə təzə daxil olduğu və aşkar edilmiş faktlara görə çəkisi 100 qramı ötmədiyi müşahidə edilirdisə, ötən il bu rəqəm 38 kiloqramdan artıq olub.

Nazirlik rəsmisi bildirib ki, bir sıra şəhər və rayonlarda narkotiklərlə bağlı aşkar olunmuş cinayətlərin sayı və qanunsuz dövriyyədən götürülmüş narkotiklərin, o cümlədən onların güclü təsirə malik növlərinin miqdarı heç də real vəziyyəti əks etdirmir.

Aslanov vurğulayıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxili işlər orqanları tərəfindən ötən il aşkar edilmiş faktların sayı son15 ildə 71 faiz artıb və əsas diqqət qanunsuz dövriyyədən ağır təsirə malik narkotiklərin çıxarılmasına yönəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti