...

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulacaq

Siyasət Materials 23 İyul 2009 14:29 (UTC +04:00)
Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulacaq

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin komitə sədrinin müavini hesab edir ki, ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasını nəzərdə tutan qanunun qəbuluna tam şərait yaranıb.

"Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyanın tələblərindən biri ölkədə, xüsusilə uşaq müəssisələrində siqaret çəkilməsini qadağan edən qanunvericiliyin olmasıdır", - cümə axşamı Trend -a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Trend -un arayışı: ABŞ-ın təxminən 40 ştatında, Avropa Birliyi ölkələrinin əksəriyyətində, Türkiyədə, Baltikyanı ölkələrdə  ictimai yerlərdə siqaret çəkməyin məhdudlaşdırılması haqqında qanun qəbul olunub.

Rusiya, Ukrayna və Qazaxıstanda da bu qanunun tətbiqi nəzərdə tutulur.

Quliyevin sözlərinə görə, qanun layihəsinin indiyədək qəbuluna əngəl törədən əsas səbəblərdən biri 2001-ci ildə "Azərbaycanda tütün və tütün məmulatları haqqında" qanunun qəbul olunması idi.

"Bu qanunun bir fəsli tütün istehlakının məhdudlaşdırılması ilə bağlı idi. Amma bu fəslin olması bu sahədə işlərin görülməsinə dəstək verməsi əvəzinə əngəl törədib", - millət vəkili əlavə edib.

Komitə sədrinin müavini deyib ki, yeni qanunun mahiyyəti təkcə tütün istehlakının məhdudlaşdırılması,  yaxud bəzi yerlərdə qadağa qoyulması deyil, əslində siqaret çəkmənin profilaktikasına yönəldilmiş tədbirlərin genişləndirilməsidir.

"Bizim əsas məqsədimiz tütünsüz ölkə yaradılmasıdır", - Quliyev vurğulayıb.

Quliyev deyib ki, 12 maddədən ibarət yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılmağa tam hazırdır.

"Layihə ilə bağlı bütün müvafiq nazirliklərdən, digər qurumlardan müsbət rəy də alınıb və payız sessiyasında müzakirəyə təqdim olunacaq", - millət vəkili qeyd edib.

Komitə sədri müavininin sözlərinə görə, layihədə siqaret çəkilməsinə qadağa qoyulacaq müəssisələr də konkret göstəriləcək.

"Hava və dəniz limanlarında, dəmiyolu və avtobus vağzallarında, şəhərlərarası bütün marşrutlarda, taksi də daxil olmaqla bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan ediləcək. Bundan başqa, layihədə kinoteatrlarda, idman yarışları və konsert keçirilən qapalı zallarda, tədris müəssisələri, uşaq bağçaları, səhiyyə və ictimai-iaşə müəssisələrində, şadlıq evlərində siqaret çəkilməsinə məhdudiyyət nəzərdə tutan müddəa da olacaq. İş yerlərində isə xüsusi ayrılmış yerlərdə siqaret çəkilməsinə icazə veriləcək", - Quliyev deyib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti