Azərbaycan Prezidenti İlham Əliyev cümə günü BP-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru Endi İnqlisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan ilə BP arasında uzun illər davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Əməkdaşlığın gələcəkdə də genişlənməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb.
BP-nin axtarış-kəşfiyyat və hasilat işləri üzrə baş icraçı direktoru İnqlis "BP-Azərbaycan" şirkətinin vəzifəsini başa vurmuş rəhbəri Bill Şreyderin yerinə Rəşid Cavanşirin təyin olunduğunu bildirərək, bu təyinatın azərbaycanlı kadrların BP-nin fəaliyyətində yaxından iştirak etməsinin yaxşı nümunəsi olduğunu deyib.
Dövlət başçısı Şreyderin Azərbaycanla BP arasında əməkdaşlığın genişlənməsindəki xidmətlərini vurğulayaraq, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Prezident azərbaycanlı kadrın "BP-Azərbaycan" şirkətinin prezidenti vəzifəsinə təyin olunmasını Azərbaycan ilə BP arasında səmərəli əməkdaşlıq əlaqələrinin təzahürü kimi qiymətləndirib.