Şənbə günü Tehran Şəhər Məhkəməsində İranda prezident seçkilərindən sonra yaranmış gərginliklər zamanı həbs olunmuş şəxslərin ikinci məhkəmə prosesi başlayıb. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.
Fars xəbər agentliyinin məlumatına görə, bu gün başlayan məhkəmə prosesində prezident seçkilərindən sonra yaranmış gərginliklərdə şübhəli bilinən tanınmış siyasi fəallar - Müşarikət cəbhəsinin Mərkəzi Şurasının üzvi və İran Parlamentinin sabiq nümayəndəsi Əli Tacerniya, İranın Ziyalılar Təşkilatının baş katibi və tanınmış jurnalist Əhməd Zeydabadi, prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvini dəstəkləyən gənclər təşkilatının sədri Şəhabuddin Təbətəbai, Karqozaran Partiyasının üzvi və İslahatçılar düşərgəsinin Əlaqələndirmə Şurasının üzvi Hidayət Aqayi, prezidentliyə sabiq namizəd Mir Hüseyn Musəvinin Tehran seçki qərargahının sədri Cavad İmamın işinə baxılır.
Məlumata əsasən, bugünki məhkəmə prosesində ittiham olunanlar arasında Ris adlı fransalı qadın və Fransanın Tehrandakı səfirliyinin əməkdaşı xanım Duk Əfşar da var.
Həbs olunanlar terror qrupları ilə əlbir olmaqda, partlayıcı qurğu qoymaqda, odlu silah, əl qumbarası daşımaqda, polis və könüllülərə qəsdən hücum etməkdə, universitetlərə və polis məntəqələrinə hücumda, mitinqlə bağlı şəkilləri xarici mətbuata ötürməkdə, quldurluq etməkdə, asayişi pozmaqda, ümumi və dövlət malına ziyan vurmaqda ittiham olunurlar.
Trend -un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrinin saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında qarşıdurmaya səbəb olub. Qarşıdurnalar zamanı həlak olanlar qeydə alınıb. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.